İsa peyğəmbərin doğum və vəfat etmə tarixi nə vaxtdır?

    23.05.2015
Sual: 
İSA PEYGEMBERİN DOGUM VE ÖLUM TARİXİ
Cavab: 

Salam aleykum. Şəriətimizdə İsa peyğəmbər (aleyhi-s-sələm) və onun dünyaya gəlməsi haqqında ətraflı xəbər verilsə də, doğum tarixi haqqında dəqiq məlumatlar bildirilməyib. İsa peyğəmbərin dünyaya gəlişi barəsində daha ətraflı Məryəm surəsinin 16-cı ayəsindən 36-cı ayəsinə və Ali İmran surəsinin 35-ci ayəsindən 63-cü ayəsinə qədər oxuyun!
İsa peyğəmbər nə asılmış, nə öldürülmüş nə də vəfat etmişdr. Uca Allah buyurur: "Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. O vaxt Allah dedi: "Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm". (Ali İmran, 54-55).
"...Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir". (ən-Nisə, 157-158).

Qiyamətin 10 böyük əlamətindən biri də odur ki, İsa peyğəmbər Qiyamətdən əvvəl təkrar yer üzünə enəcək və Dəccalı öldürəcək: "Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!" (əz-Zuxruf, 61).
Təfsir alimlərinin əksəriyyəti bu ayənin İsa peyğəmbərin yerə enəcəyinə işarə olduğunu bildirmişlər. Abdullah ibn Abbas (radıyəllahu anhumə) bu ayənin təfsiri barəsində belə rəvayət edir: "Burada Qiyamətdən öncə İsanın enməsi nəzərdə tutulur". (İmam Əhməd: "Musnəd" əsəri, 1/318).
İsa peyğəmbərin (Allahın ona salamı olsun) yer üzünə enməsi barədə bir çox səhih hədislər varid omuşdur. Əbu Hureyra (radıyəllahu anhu) peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Canım Əlində olan Allaha and olsun ki, tezliklə Məryəm oğlu İsa aranızda ədalətlə hökm vermək üçün sizin yanınıza enib xaçları sındıracaq, donuzları məhv edəcək və cizyəni aradan qaldıracaq. Həmin vaxt mal-dövlət o qədər artacaq ki, heç kəs sədəqə götürmək istəməyəcək. O zaman bircə dəfə səcdə etmək bütün dünya və onun üzərindəkilərdən daha xeyirli olacaqdır". (əl-Buxari, 2222; Muslim, 155).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Sizlər on əlaməti görmədikcə heç bir zaman Qiyamət qopmaz... Onlardan biri də İsa peyğəmbərin yenidən yer üzünə enməsidir". (Muslim: "Kitəbu-l-Fitən", 39).

Teqlər: 
Paylaş: