Evlənmək üçün müəyyən yaş həddi vardırmı?

    19.01.2014
Sual: 
Salam aleykum. Dinde evlenmek uchun yash heddi movcuddurmu? Yeni oglanlar neche yashda evlenmeli ve hemchinin qizlar neche yashda ere getmelidirler?
Cavab: 

Aleykum salam. İslamda bununla bağlı müəyyən yaş həddi göstərilməmişdir. İslam insanların həm dünya və həm də axirət məsələlərini qoruyan bir dindir. Elə buna görə də insanın fitrətinə, bəşər xüsusiyyətinə və təbiətinə uyğun olan qanunlar müəyyənləşdirmişdir. Bu nikaha dair qanunlar da belədir. Bu xüsusda Uca Allah buyurur: "Halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın!...". (ən-Nisə, 3).
"(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin....". (ən-Nur, 32).
Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: "Nikah mənim Sünnəmdəndir (yolumdandır). Kim mənim Sünnəmə (yoluma) əməl etməsə məndən deyildir. Evlənin! Mən qiyamət günü sizinlə digər ümmətlərdən çox olacağam. Kimin imkanı varsa evlənsin. İmkanı olmayan isə oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır". (İbn Məcəh, 1/592-1846).
Evlənmək Uca Allahın bəndələrinə bəxş etdiyi böyük nemətdir. O, bütün peyğəmbərlərin və elçilərin (Onlara Allahın salamı olsun) sünnəsidir. İslam dini evlənməyin əzəmətinə və şərəfinə çox böyük əhəmiyyət vermişdir. Quranın bir çox ayələrində və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) hədislərində evliliyin gözəl səmərəsi və faydasını təkidlə qeyd etmişdir. O cümlədən evlənməyin fərdə, cəmiyyətə, millətə kütləvi şəkildə fayda verməsini, həmçinin evliliyin insan nəfsinə rahatlıq gətirməsini, insanın öz cinsindən ər arvad edilməsini, onların arasında mehribançılıq və ülfət yaratmasını da nümunə göstərmək olar. Bir sözlə evlilik Uca Allahın insanlara bəxş etdiyi ən əzəmətli nemətlərdən biridir. Bu haqda Allah Təala buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!" (ər-Rum, 21).
Abdullah İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət edir: "Ey cavanlar toplusu! Evlənməyə imkanı olanlar evlənsin. Çünki evlilik (yad qadınlara) gözlə baxmağın qarşısını alır və cinsiyyət orqanlarını mühafizə edir. Evlənməyə imkanı olmayan oruc tutsun. Həqiqətən oruc tutmaq onun dərmanıdır". (əl-Buxari, 9/106-5065; Muslim, 2/1018-1400.)
Hədislərdən göründüyü kimi şəriət evlilik üçün xüsusi bir yaş həddi təyin etməmişdir. Sadəcə buarada bir məqama diqqət etmək lazımdır. Hədislərdə keçən "sizlərdən kimin imkanı var" deyildikdə insanın həm maddi, həm də fiziki baxımdan evliliyə hazır olmasıdır. 

Teqlər: 
Paylaş: