Estetik cərrahiyyə əməliyyatı hansı hallarda icazəlidir?

    21.01.2014
Sual: 
Salam aleykum. Plastik emeliyyat dinde gunah sayilirmi? Bilirem ki, gozellik namine edilirse gunahdir. Ama insanda qarshisi alinmaz kompleks haqqina gelirse nece? Evvelceden teshekkurler.
Cavab: 
Və aleykum Salam. Qəza, yanıq, xəstəlik nəticəsində və ya anadan gəlmə qüsurların aradan qaldırılması, həmçinin ölçüsü anormal olan əzaların normal ölçüyə gətirilməsi üçün edilən əməliyyatlar şəriətə görə icazəlidir. Rəvayət edilir ki, Arfəcə ibn Əsad (Allah ondan razı olsun) demişdir: "Cahiliyyə dövründə baş verən Kuləb döyüşündə burnumdan yaralanmışdım və burnum kəsilmişdi. Sonra gümüşdən bir burun düzəltdirmişdim, lakin ondan pis qoxu gəlirdi. Bundan sonra Allah Elçisi (salləllahu aleyhi və səlləm) mənə qızıldan bir burun düzəltdirməyimi əmr etdi". (ət-Tirmizi, 1770). Normal olan əzaların daha da gözəl görünməsi üçün əməliyyat etdirmək isə haramdır, çünki bu, Uca Allahın yaratdıqlarını dəyişməkdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". (əl-Buxari).
Uca Allah buyurur: "(Şeytan dedi:) Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır". (ən-Nisə, 119).
Teqlər: 
Paylaş: