20 Yanvar faciəsi günü ölənlər şəhid sayılırmı?

    21.01.2014
Sual: 
Salam aleykum. Şəhid kimlere deyilir?
Cavab: 

Aleykum salam. Şəhid sözü şahid deməkdir. Bəzi alimlər şəhidə belə deyilməsinin səbəbini onun Uca Allahın nemətlərinə şahid olması ilə və ya şəhadət kəlməsinə şahid olması ilə əlaqələndirirlər. Şəhid Uca Allaha iman gətirən və Uca Allahın yolunda döyüşərək öldürülən şəxsdir. Bu ən üstün şəhidlik mərtəbəsidir. Lakin şəhidlik bununla bitmir. Başqa növ şəhidlər vardır ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) öz hədislərində onlar haqqında xəbər vermişdir.
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­du: "Aranızda şəhid olanlar haqqında nə deyirsiniz?" Dedilər: "Şəhidlər Allah yolunda öldürü­lənlərdir". O buyurdu: "Elə olduqda, həqi­qə­tən, ümmətimin şəhidləri azdır; Allah yolunda öldürülən şəhiddir, Allah yolun­da ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, vəba xəstəliyin­dən ölən şəhiddir". (İbn Məcəh, 2804-2810).

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Allah yolunda öldürülmək şəhidlikdir, taundan ölmək şəhid­likdir, boğularaq ölmək şəhidlikdir, qarın xəstəliyindən ölmək şəhid­likdir, yanaraq ölmək şəhidlikdir, seldə boğulmaq şəhidlikdir. Doğuş zamanı ölən qadını isə uşağı cifti ilə Cənnətə sürükləyər". (əs-Suyuti "Camius-Sağir", 6177, 8538).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bədəni (hər hansı bir dəmirlə) deşilərək ölmək, taundan ölmək, dağıntı altında qalaraq ölmək, vəhşi heyvan tərəfindən parçalanaraq öl­mək, boğularaq ölmək, yanaraq ölmək, qarın xəstəliyindən ölmək, ağ ciyər iltihabından ölmək şəhidlik­dir". (əs-Suyuti "Camius-Sağir", 7585).

Rabii' əl-Ənsari (Allah ondan razı olsun) demişdir: "Qardaşım oğlu Cəbr əl Ənsari (Allah ondan razı olsun) ölümcül xəstə olarkən Allah Elçisi (sallallahu aleyhi və səlləm) onu ziyarət etdi. Cəbrin ailəsi ona görə ağlayırdılar. Cəbr onlara dedi: "Allah Elçisinə əziyyət verməyin!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Onlarla işin olmasın, nə qədər ki, sağsan, qoy ağlasınlar. Ölüm anı gəldikdə isə sakit olsunlar". Onun ailə üzvlərindən bəziləri dedi: “Biz sənin Allah Elçisi (sallallahu aleyhi və səlləm) ilə cihadda öldürülməyindən əvvəl yatağında ölmə­yini istəməz­dik". Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Şəhid­lik yalnız cihadda ölmək deyildir. Belə olsaydı ümmətimin şəhidləri az olardı. Həqiqətən, bədəni (hər hansı bir dəmirlə) deşilərək ölmək və taun­dan ölmək şəhid­likdir, qarın xəstəliyindən ölmək şəhidlikdir, doğuş zama­nı ölmək bütün qa­dınlara şəhidlikdir, yanaraq ölmək şəhidlikdir, boğula­raq ölmək şəhid­lik­dir, dağıntı altında qalaraq ölmək şəhidlikdir, ağ ciyər iltiha­bından ölmək şəhidlikdir". (ət-Tabərani "Mucəmul-Kəbir", 4472, 4607).

Paylaş: