Göyün neçə qatı var?
Salam aleykum. Səmanın yeddi qatı var. Uca Allah buyurur: "Yeddi qat göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə) diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq". (əl-Mulk, 3-5).
"Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir". (əl-Bəqərə, 29).
"Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüzmü? Ayı bir nur, günəşi də çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün xalı təki döşədi. (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz". (Nuh, 13-20).
"Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır...". (ət-Talaq, 12).
"Biz sizin üstünüzdə yeddi göyü yaratdıq. Məxluqatımızdan da xəbərsiz olmamışıq. Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik. Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır". (əl-Mu'minun, 17-19).