Asiyə adının mənası nədir?

    11.06.2015
Kimdən: 
baci
Sual: 
Salam aleykum. Fironun xanimi Asyanin adi haqda olacaq sualim. Bu adin bir neche variantini eshitmishik meselen Asya, Asiye, Asiyye ve s. Bir yerde oxumushdum ki, ushaga asiye adini qoymaq olmaz, asi olan menasini dashiyir.. Dogru deyilish nece olmalidir?Bu haqda etrafli melumat vererdiz zehmet olmasa..
Cavab: 

Aleykum salam. Azərbaycan dilində Asiyə kimi səslənən bu kəlmə (آسية - Əsiyə) əslən yəhudi mənşəli söz olub, qədim ibrani dilində mənası gündoğan, möminə, təmiz qadın, rəhimli, üzü nurlu olan deməkdir. Rəvayətə görə dünyanın fəzilətli qadınından biri olub. İbn Abbasdan (radıyəllahu anhumə) demişdir ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) yerə dörd xətt çəkdi, sonra səhabələrə dedi ki, bunun nə olduğunu bilirsinizmi? Səhabələr isə "Allah və Rəsulu daha yaxşı bilir" dedilər. Bu zaman peyğəmbər yerə çəkdiyi xəttinin izahını belə açıqladı: "Bu dörd xətt cənnət qadınlarının ən fəzilətlilərini bildirir. Bunlar: Məryəm, Asiyə, Xədicə və Fatimədir". (Əhməd, 2663; Sahih əl-Cəəmi, 1135). Qeyd etdiyiniz bu söz ərəb əlifbası ilə fərqli şəkildə yazılarsa, yəni "عاصية - Asiyə" (ع, ayn və ص, sad) hərfləri ilə yazılarsa, ərəb dilində "asi olan, üsyan edən" mənasını verər. Ona görə də peyğəmbərimiz bu adın mənası yaxşı olmadığı üçün bu adı daşıyan qadının adını dəyişdirərək ona "Cəmilə - جمبلة" (gözəl) adını vermişdi. Aişə (radıyəllahu anhə) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) çirkin, mənası pis olan adları dəyişdirərdi. (Sunən ət-Tirmizi). Fironun zövcəsi olan Asiyə xanıma isə bu adın aidiyyatı yoxdur. Bu qadın (Əsiyə binti Məzəhim - Əsiyə Məzahim qızı) Musa peyğəmbəri (aleyhi-s-sələm) çaydan tapdıqdan sonra öz övladı kimi böyüdüb bəsləmişdi. Bu qadın Fironun həyat yoldaşı olaraq sarayda, ləl-cəvahirat və bər-bəzək içində yaşasa da, heç vaxt bunlara aldanmadı. Musa peyğəmbər (Allahın ona salamı olsun) böyüyüb peyğəmbər olduqdan sonra Asiyə Onun dininə gizlində iman gətirdi. Sonradan Firon bunu bildikdə Asiyəni yolundan döndərməyə çalışsa da, o, tabe olmadı. Fironun əmri ilə Asiyəni işgəncələrə məruz qoydular. Amma Asiyə yenə Allahdan uzaqlaşmadı və işgəncə altında vəfat etdi. Qurani Kərimdə Asiyə müsəlmanlara nümunə kimi göstərilir: "Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda girin!" - deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: ⅦEy Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!" - demişdi. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu". (ət-Təhrim, 10-12). Bu haqda daha ətraflı Qurani Kərimin əl-Qasas surəsinin 1-ci ayəsindən 50-ci ayəsinə və əş-Şuəra surəsinin 10-cu ayəsindən 68-ci ayəsinə qədər oxuyun.

Teqlər: 
Paylaş: