Güzgünün sınması pis əlamətdirmi?

    22.01.2014
Sual: 
Salam aleykum. Guzgunun sinmasi pis elametdirmi? Yoxsa, bu da olmayan bir sohbetdir, el arasinda yayilib?
Cavab: 

Aleykum salam. Şəriətə görə güzgünün sınması nə yaxşı, nə də pis əlamət sayılmır. Əslində bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır. Güzgünün sınması, gecə vaxtı güzgüyə baxmaq, gecə vaxtı dırnaqları tutmaq, bayquşun ulaması, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməsi, nərdivanın altından və ya sabunlu suyun üstündən keçmək, çərşənbə axşamı işə başlamaq, yaxud çərşənbə günü yola çıxmaq, cümə günü meşədən yaş agac kəsməmək, qab-qaşığın əldən yerə düşməsi, gözlərim yol çəkir demək, tək asqırmaq, cüt asqırmaq, kəbinləri kəsilən ər-arvadın axşam vaxtı çölə çıxması, filankəsi yuxuda görmək, filankəsin ayağı ağırdır, filankəs qarşıma çıxdı işim alınmayacaq və bunlara bənzər fikirlər cahil insanlar arasında pis əlamət sayılır. İslama görə isə pis əlamət anlayışı yoxdur. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) bu barədə belə buyurub: "Pis əlamət yoxdur, ən gözəl şey (bir hadisəni) xeyrə, yaxşı yerə yozmaqdır". (əl-Buxari: "Tibb", 44; Muslim: "Salam", 102).  Urva ibni Amir adlı səhabə (Allah ondan razı olsun) belə rəvayət edir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Dəvud: "Tibb", 24).

Teqlər: 
Paylaş: