Peyğəmbərin ən çox sevdiyi paltar

    19.05.2015

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Ağ rəngdə libas geyinin! Sağlığınızda ağ libas geyinin. Həmçinin, ölülərinizi də ağ kəfənə bürüyün. Çünki ağ geyim libaslarınızın ən xeyirlisidir.”  
Peyğəmbər bunu deməklə ümmətini ağ rəngdə libas geyinməyə rəğbətləndirər, özü də ağ rəngdə libas geyinərdi. Əbu Zərr demişdir: “Bir dəfə mən Peyğəmbərin yanına gəldim. Onun əynində ağ libas var idi” (Səhih əl-Buxari, 5827).
Digər rənglərə nisbətən ağ geyimdə çirk daha tez gözə çarpır və bu çirki təmizlədikdə libas daha təmiz və daha gözəl görünür. 
Həmçinin, rəvayət edilir ki, Aişə demişdir: “Bir səhər Rəsulullah evindən çıxarkən onun əynində qara yundan, üzərində də bəzək olan bir bürüncək var idi.”
Bu hədis dəlalət edir ki, həm qara rəngdə olan, həm yundan hazırlanmış, həm də üzərinə bəzək salınmış libası geyinmək olar. Ümumiyyətlə, İslam şəriətinin qadağan etmədiyi istənilən libası geyinməyə icazə verilir. Peyğəmbər demişdir: “İsrafa yol vermədən (həddi aşmadan) və təkəbbürlük göstərmədən yeyin, için, sədəqə verin və istədiyiniz geyimi geyinin” (Sunən İbn Macə, 23).

Peyğəmbərin ən çox sevdiyi paltar

Ummu Sələmə demişdir: “Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar köynək idi.” (Tirmizi, 1762).
Burada “köynək” dedikdə, baş və ayaqlar istisna olmaqla bədənin hər yerini örtən, iki qoldan və yaxalıqdan ibarət, pambıqdan və ya buna bənzər bədəni narahat etməyən parçadan hazırlanmış geyim nəzərdə tutulur.
Ənəs ibn Malik demişdir: “Rəsulullahın geydiyi paltarlar arasında ən çox sevdiyi paltar hibərə idi.” (əl-Buxari, 5813).
Hibərə pambıqdan və ya bəzəkli kətandan hazırlanan Yəmən bürüncəyidir.

Paylaş: