Adəmdən öncə insana bənzər məxluqlar yaradılıbmı?

    16.07.2015
Sual: 
Salam aleykum və rəhmətullah. Kainatda Adəmdən öncə insan və ya insana bənzər məxluqat yaradılıbmı? Əgər yaradılmayıbsa bu ayədə: (Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu. ( 2:26 ) - mələklər insanın qan tökən məxluq olacağın hardan bildilər?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" (əl-Bəqərə, 30).
Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər var. Digər ayələrə nəzər salsaq görərik ki, cinlər insanlardan əvvəl yaradılmışdır. Uca Allah buyurur: "Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq". (əl-Hicr, 27).
"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).

Sonuncu ayəyə də diqqətlə fikir verdikdə görürür ki, Allah Təala öncə cinləri, daha sonra isə insanları qeyd edir. Bu səbəbdən də mələklər insanın yer üzünə xəlifə olacağını biləndə: "Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fitnə-fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?" - söylədilər. Çünki cinlər yer üzündə fitnə-fəsad çıxarıb qan tökmüşdülər. Elə isə bir mənada cinlərlə oxşar fitrətə malik olan insan da eyni əməlləri işləyə bilərdi. Əslində, mələklər bu fikirlərində heç də haqsız deyildilər. Çünki bir insan dini dəyərlərdən uzaq olsa, hər cür haqsızlığı edə, hətta qan da tökə bilər. Doğrudan da, bəşəriyyətin keçmişinə nəzər saldıqda ilk qanın Adəm peyğəmbərin (aleyhi-s-sələm) zamanında axıdıldığını görürük: "Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: "Səni hökmən öldürəcəyəm!" Qardaşı da ona belə demişdi: "Allah ancaq müttəqilərdən qurban qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və Od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur". Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: "Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?" Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu...". (əl-Məidə, 27-31). 

Teqlər: 
Paylaş: