Süni mayalanma yolu ilə uşağın cinsini seçmək icazəlidirmi?

    20.07.2015
Sual: 
salam menim 2 oglum var,ve qiz isteyirem,men süni mayalanma ile öz erimden hamile qalsam günhdirmi?yeniki süni mayalanma ile usaqin cinsiyetini özün secirsen.Bu günhdir?usaqlarimin ikiside tebii yoldan olub,süni mayalanma olmuyub
Cavab: 

Aleykum salam. Süni mayalanmaya yalnız təbii yolla hamiləlik mümkün olmayan hallarda icazə verilir. Daha ətraflı: Süni mayalanma haqqında

Gələcək övladın cinsinin seçilməsi barədə 3-8 Noyabr 2007-ci ildə Dünya Müsəlmanları Liqasının İslam Fiqh Konsulluğunun Məkkədə keçirilmiş sessiyasında deyilmişdir:
Müsəlman hər bir halda Allahın təqdiri ilə razılaşmalı və ona boyun əyməlidir. Qurani-kərimdə Uca Allah cahiliyyət dövründə ilk övladının qız olması ilə razılaşmayan ərəbləri tənqid edərək buyurur: "Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir! Yaramaz sifət axirətə inanmayanlara xasdır. Ən Uca sifət isə Allaha məxsusdur. O, Qüdrətlidir, Müdrikdir." (ən-Nəhl, 58-60)
Amma Allahdan oğlan və ya qız övladın istənilməsində heç bir günah yoxdur, bunun sübutu isə Quranda bəzi peyğəmbərlərin Allahdan oğlan övladı istəməsinin xatırlanmasıdır. Bütün bunları nəzərə alaraq aşağıdakı fətvalar verildi:

  1. Müəyyən qidalanma planı, ovulyasiya gününə nəzərən cinsi əlaqə günlərinin seçilməsi və s. təbii üsullarla övladın cinsini seçməyə cəhd göstərməyə heç bir qadağa yoxdur.
  2. Tibbi müdaxilə yolu ilə dölün cinsinin seçilməsi qadağandır, buna yalnız bir halda icazə verilir ki, övladın qız olacağı halda qızlara məxsus xəstəliklə doğulacağı əvvəlcədən məlumdur. Bu halda tibbi müdaxilə ilə dölün cinsinin oğlan olmasına çalışmaq olar. Həmçinin əksinə, uşağın oğlan olacağı halda yalnız oğlanlara məxsus olan xəstəliklə doğulacağı əvvəlcədən məlumdursa, tibbi müdaxilə ilə uşağın qız olmasına cəhd etmək olar.

Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50).

Teqlər: 
Paylaş: