Qohumluq əlaqələrini kəsmək və ya küsülü qalmaq
Aleykum salam. Ümumiyyətlə qohumluq əlaqələrini kəsib onlarla küsülü qalmaq barəsində Quran və Sünnədə çoxlu ayələr və hədislər gəlib. Uca Allah buyurur: "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! (ən-Nisə, 1).
"Xeyirxah insanlar mal-dövləti çox sevmələrinə baxmayaraq, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edənlərdir...". (əl-Bəqərə, 177).
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurub: "İki müsəlman bir-birindən küsüb uzaqlaşsalar, üç gün bu halda qalıb barışmasalar, hər ikisi islam dairəsindən kənarlaşar. Onlardan hər biri tez barışıb o birini danışdırsa qiyamət günü daha tez Cənnətə daxil olar".
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi vvə səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi! Mənim qohumlarım var. Mən onlarla əlaqələri birləşdirir, onlarsa mənimlə əlaqələri kəsirlər, mən onlara yaxşılıq edir, onlarsa mənə pislik edirlər, mən onlarla mülayim danışır, onlarsa mənimlə kobud rəftar edirlər". O dedi: "Əgər sən deyən kimidirsə, onda elə bil ki, sən onlara isti kül yedizdirirsən. Bu cür rəftarın davam edənədək Allah tərəfindən onlara qarşı sənin yanında (onların əziyyətlərini dəf edən) köməkçi olar".
Əbu Bəkir (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və alə əlihi və səlləm) belə dediyini rəvayət edir: "Bu dünyada və axirətdə cəzalandırılmağa daha çox layiq görülən günahlar içində zülm etmək və qohumluq əlaqələrini kəsmək kimi böyük günah yoxdur". (əl-Buxari: "əl-Ədəb əl-Mufrad", 29; Əhməd, 5/36-38; Əbu Dəvud, 4902; ət-Tirmizi, 2511; İbn Məcəh, 4211).
Cubeyr ibn Mutim (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Qohumluq əlaqələrini kəsən kimsə Cənnətə daxil olmaz". (əl-Buxari, 5984).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və alə əlihi və səlləm) demişdir: "Qohumluq əlaqəsi ər-Rahməndan bir şəcnədir. (Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir). O deyir: "Ey Rəbbim! Mənə zülm edildi. Ey Rəbbim! Məni kəsdilər. Ey Rəbbim! Məni kəsdilər". Rəbbi də ona: "Səni kəsəni kəsməyimə, birləşdirəni də birləşdirməyimə, razı deyilsənmi?!" - deyə cavab verir".
Səid ibn Səm'an (Allah ondan razı olsun) deyir ki, mən Əbu Hureyranın (Allah onlardan razı olsun) körpələrin və səfehlərin hökmranlığından Uca Allaha sığındığını eşitdim. İbn Həsənə əl-Cuhəni (Allah ondan razı olsun) deyir ki, mən Əbu Hureyradan (Allah ondan razı olsun) soruşdum: "Bunun əlaməti nədir?" O dedi: "(O vaxt) qohumluq əlaqələri kəsiləcək, azğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymayacaqlar".
Həmçinin Uca Allah buyurur: "...Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik baxımından) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir!..". (əl-Ənfəl, 75).
"İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən Odur. Rəbbin (hər şeyə) qadirdir! (Birinci, ata-ana tərəfdən, ikinci isə bacı, qız tərəfdən olan qohumluqdur)". (əs-Saffat, 158).
"Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. (Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!" Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir! (Şükrün və itaətin, gözəl əməllərin əvəzini verəndir!)". (əş-Şura, 23).
"Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!" (əl-Fəth, 22).
Hədislərə görə qohumluq əlaqələrini kəsənin ömrü qısalar və ruzisi azalıb bərəkəti çəkilər.