Fitnə nədir və ondan necə qorunmalıyıq?

    24.01.2014
Kimdən: 
Əxi...
Sual: 
Əssələmu aleykum va rahmətullahu va bərakətuh. Allah Subhənəhu va Təalə elminizə bərəkət versin, saytınızı xeyrli və faydalı etsin. İnşəAllah fitnə haqqında zəhmət olmasa geniş və ətraflı məlumat verərdiz. Fitnə nədir? Fitnələr vaxtı müsəlman nə etməlidir?
Cavab: 

Aleykumus sələm va rahmətullahi va bərakətuhu. Ümumiyyətlə bu, çox geniş və əhatəli bir mövzudur. "Fitnə" sözünün çox geniş lüğəti mənası var. Məsələn: qarmaqarışıqlıq yaratmaq, dava-dalaş salmaq, ara pozmaq, ara qarışdırmaq, adamları, camaatı və s. bir-birilə vuruşdurmaq, cəmiyyətin asayişini, rahatlığını, əmin-amanlığını aradan aparmaq, insanlar arasında qarşıdurma və çaxnaşma salmaq, onları bölmək, parçalamaq, insanları mənəvi əzab-əziyyətə düçar etmək, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, yalan, ikiüzlülük, fəsad, təxribat, hətta sınaq, imtahan, qətl və şirk mənalarına qədər işlənən bir sözdür. Uca Allah buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Bu ayənin orjinalında, yəni ərəbcəsində, "imtahan" sözü, "fitnə" sözü ilə işlənir.
Uca Allah buyurur: "Fitnə - qətldən daha şiddətlidir". (əl-Bəqərə, 191).
"Fitnə salmaq qətl törətməkdən daha betər günahdır". (əl-Bəqərə, 217).

"O kəslər ki, Allahla (Ona iman gətirmək və itaət etmək barəsində) əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır (möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir) və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri ziyana uğrayanlardır!" (əl-Bəqərə, 27).

Fitnə barədə səhih hədislərdə bunlar deyilir:
Əbu Hureyrə (Allah ondan razı olsun), Peyğəmbərdən (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) rəvayət etmişdir: "İnsanların ən şərlisi, bəzilərinə bir üzlə, bəzilərinə də başqa üzlə gələn iki üzlülərdir". (Muslim: "əl-Birr vəs-Sılə vəl-Ədəb" kitabı, 98).
Möminlərin anası Aişə (Allah ondan razı olsun Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə rəvayət etmişdir: "Qiyamət günü Uca Allahın dərgahında dərəcə yönündən insanların ən pisi, şərindən uzaqlaşmaq üçün insanların tərk etdiyi kimsələrdir". (əl-Buxari "Ədəb" kitabı, 37).
Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir: "İki müsəlmandan hər biri din qardaşına silahla hücum edərsə hər ikisi də cəhənnəmin kənarında olar. Onlardan biri digərini öldürdüyü zaman hər ikisi birdən cəhənnəmə girərlər". (Muslim: "Fitnələr" kitabı, 16). 
Abdullah ibn Amr (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət etmişdir: "Dörd şey vardır ki, kimdə olarsa o, xalis münafiq olar: kimdə bunlardan bir parça olarsa, onu tərk edənə qədər özündə münafiqlikdən bir parça qalmış deməkdir. Bu dörd şey bunlardır: Ona etibar edildiyində xəyanət edər; bir şey söylədiyi zaman yalan söyləyər, əhd etdiyi zaman sözündə durmaz, düşmənçilik etdiyi zaman da haqdan ayrılır". (əl-Buxari, "İman" kitabı, 24).

Fitnələrdən qorunmaq üçün aşağıda yazılanlara əməl etmək dinimizdə tövsiyə olunur:

  1. Uca Allahın kitabına möhkəm sarılmaq. Uca Allah buyurur: "Kafirlər dedilər: "Nə üçün Quran ona bir dəfəlik bütöv nazil olmadı?" Biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik və onu ən gözəl şəkildə (ayəbəayə) izah etdik". (əl-Furqan, 32).
  2. Allahdan yardım istəmək və ona sığınmaq. Uca Allah buyurur: "Ey Rəbbimiz! Bizə öz tərəfindən səbr ver və qədəmlərimizi sabit et!" (əl-Bəqərə, 250).
  3. İman və saleh əməl üzərində olmaq. Uca Allah buyurur: "Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər". (İbrahim,27). Ayədəki "dünyada sabit qalmaq" - xeyir və saleh əməllə olur", - "Axirətdə sabit qalmaq isə" - qəbirdə iki mələk sual verdiyi zaman olur". (İbn Kəsirin təfsirindən, 2/828).
  4. Elm əhlinə müraciət etmək; Onlar Əhli Sünnə vəl Camaatın alimləri, Quran və Sünnənin varisləri və o yolu insanlara aydınladan kimsələrdirlər. Onların vasitəsiylə bir çox fitnələr işığa çıxır və yox olur. Allaha təvəkkül etmək. Uca Allah buyurur: "Kim Allaha təvəkkül edərsə, (Allah) ona bəs edər". (ət-Talaq, 3).
  5. Namazla yardım istəmək. Uca Allah buyurur: "Allahdan səbr və namazla yardım istəyin!" (əl-Bəqərə, 45).
  6. Fitnələrdən Uca Allaha sığınmaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Fitnələrin aşkar və gizlin olanından Allaha sığının!" (Muslim, 2867).
  7. Peyğəmbərə (Allahın ona və ailəsinə salavat və salamı olsun) tabeçilik və onun Sünnəsinə möhkəm sarılmaq. Uca Allah buyurur: "(Ya Məhəmməd onlara) De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhimlidir". (Ali İmran, 31).
  8. Fitnə olan yerlərdən uzaq olmaq; Bir hədisdə peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "(Məndən sonra) fitnələr olacaqdır. (O zaman) oturan ayaq üstə olandan, ayaq üstə olan yeriyəndən, yeriyən də (sürətlə) gedəndən xeyirli olacaqdır. Kim ona (fitnəyə) baş qoşarsa, o, onu özünə çəkəcəkdir. (O zaman) Kim bundan qorunma və ya sığınma yeri taparsa, qoy bunu etsin!" (əl-Buxari, 708; Muslim, 2886). 
  9. Müsəlmanların camaatıyla birgə olmaq və təfriqəçiliyi tərk etmək. Bu ona görədir ki, zəifliyin, laqeydliyin, fitnələrə dalmağın və bəlaların mənşəyi ümmətin övladları arasında dində xilaf, mübahisə və təfriqəçilikdir. Uca Allah buyurmuşdur: "Bir-birinizlə mübahisə etməyin, yoxsa, ruhdan düşər və zəifləyərsiniz". (əl-Ənfəl, 46). Çünki, camaat rəhmətdir, ayrılıq isə əzabdır.
  10. Faydalı elmlə məşğul olmaq; Faydalı elm isə, Quran və Sünnə üzərində qurulmuş, ümmıtin sələflərinin fəhmiylə olan şəri elmə bağlıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim (islam) elmi almaq üçün yola çıxarsa, Allah onun cənnətə gedən yolunu asanlaşdırar". (Muslim, 2699).
  11. Saleh və xeyirxah kimsələrlə dostluq etmək. Uca Allah buyurur: "Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar". (əl-Kəhf, 28). Çünki, salehlər müsibət zamanı dayaq, rahatlıqda xeyirli dost, Uca Allahı xatırlamaqda yardımçı, Allahı unutduqda xatırladan kimsələrdirlər.
  12. Günümüzdə üzləşilən hər bir hadisəyə dərhal fitnələr haqqında olan hədisləri qarışdırmamaq; Hər yeni hadisəni fitnələr haqqında olan hədislərlə calaşdırmaq yalnışdır və bu, peyğəmbərə tabe olanların yolu deyil. İnsanların bir araya gələrək hər yeni hadisə baş verdikdə "bu, filan hədisə görə filan hadisədir və ya onun baş vermə vaxtıdır" – demələri də buna daxildir. Bu yalnış düşüncədir.  Çünki, fitnələr haqqında olan hədislər fitnənin vaxtına tətbiq edilmir. Bunun Peyğəmbərin (Allahın ona və ailəsinə salavat və salamı olsun) baş verəcəyini bildirdiyi hadisələr baş verdikdən sonra hədisdəkinə uyğun olduğu sübut olunduqda Peyğəmbərin sözünün doğruluğu ortaya qoyulmuş olur. Alimlər fitnə haqqında olan hədisləri fitnələrdən çəkinmək üçün qeyd etmiş və müsəlmanları fitnələrdən çəkindirmişlər.
  13. Allahın yardımına güvənmək; "İslamın parlaq gələcəyi"-nə inanmaq. Bu dövrü isə, "Qiyamətdən öncə İslamın yenidən parlaq dövrünün yaşanacağı haqqında" hədislər xəbər vermişdir. Uca Allahdan dində sabitlik, fitnələrdən və fitnə əhlindən qorunmaq istəyirik!
Paylaş: