Adəmin uşaqlarından, yəni bacı-qardaşdan yaranmışıqsa, deməli günahdan yaranmışıq?
Aleykum salam. Uca Allah buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (ən Nisa, 1).
Qurani Kərimdə Adəm və Həvvanın (Allahın onlara salamı olsun) necə yaradılmasından bəhs edilsə də, onlardan digər insanların necə yaranması məsələsi Quranda və səhih mənbələrdə dəqiq təsvir olunmayıb. Hər necə olubsa, ayədən görünür ki, bu, Uca Allahın təqdiri, hikməti və icazəsi ilə olub. Ona görə də günah deyil, çünki "günah" Allah Təalanın icazə vermədiyi əməli etməyə deyilir.
İbn İshaq adlı tarixçi islam alimi tərəfindən edilən rəvayətə görə, Habil və Qabilin hər birinin əkiz bacıları var idi və onların hər birindən digərinin əkiz bacısı ilə evlənilməsi istənilmişdi. Qabilin əkizi Habilinkindən daha gözəl olduğu üçün Qabil onu dəyişdirməyi qəbul etmədi. Bu səbəbdən Qabil onu öldürdü.
Ümumiyyətlə Adəm və Həvvanın çoxlu qızları və oğulları olub. Rəvayətlərə görə, Habillə Qabil tək deyil, hər biri, bir bacı ilə əkiz doğulmuşdular. Bu barədə deyilir ki, Adəm və Həvvanın Qabil və bacısı olmaqla əkiz övladları olduqdan sonra, ikinci dəfə yenə də oğlan Habil və qız olmaqla əkiz övladları doğuldu. Sonra Adəm Qabili Habilin əkizi ilə, Habili də Qabilin əkizi ilə evləndirdi. Onlardan da insan nəsli törədi. (Bu, bir çox təfsir alimlərinin rəyidir). Belə olduğu halda Uca Allah əkizləri bacı-qardaş və məhrəm etmiş, evlənmələrini qadağan etmişdir. Birinci bətində doğulanları isə digər bətində doğulanlara bacı-qardaş məhrəm etməmişdir. Bu qanun sırf Adəm və Həvvanın övladlarına şamil edilmiş, bunlardan sonra gələn nəsillərdə isə bir ana və atadan doğulan hər kəs bacı-qardaş sayılmış və evlənmələri də haram edilmişdir.
Nəticə olaraq yuxarıda da qeyd etdiyimiz kimi bu barədə Uca Allah və Rəsulundan (salləllahu aleyhi və səlləm) konkret açıq bir dəlil yoxdur. Buna görə bütün yuxarıdakı izahlar ehtimal olunan fərziyyələrdir. Ən doğrusunu əlbəttə ki, Uca olan Allah bilir. Unutmayaq ki, bütün bunların hamısı Allahın Təalanın əzəli və əbədi elmi, hikməti və istəyi sayəsində həyata keçir.