Oruc tuta bilməyən kasıbları yedizdirməlidir, bəs imkanı olmayan nə etsin?
Aleykum salam. Uca Allah buyurur: "Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar.) Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər". (əl-Bəqərə, 184).
Xəstəlik səbəbindən Ramazanda oruc tuta bilməyənlər sağalandan sonra başqa günlərdə orucun qəzasını tutmalıdırlar. Əgər sağalmayan, xroniki xəstəlik olarsa, bu halda hər günün əvəzində bir kasıbı yedirtmək lazımdır. Kasıbı yedirtməyə imkanı olmayan Uca Allahdan çoxlu bağışlanma diləməli, həmd-səna etməli və çoxlu xeyirli əməllər etməlidir. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan...!" (əl-Bəqərə, 286).
Ayəyə diqqətlə nəzər salsaq görürük ki, insan mükəlləf olduğu şeyi həqiqətən, yerinə yetirə bilmirsə, onda Allah Təala insanı əfv, rəhmət diləməyə və digər xeyir əməllərinin çoxaltmasına yönəldir.
"Var-dövlət sahibi öz varına görə xərcləsin! İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin! Allah heç kəsin üzərinə Özünün ona verdiyi (nemətdən) artıq yük qoymaz. Allah hər bir çətinlikdən sonra asanlıq verir". (ət-Talaq, 7).