Qəlb qırmaq günahdırmı?

    28.01.2014
Sual: 
Salam aleykum. Atasi, anasi olmayan qizin evlerde gəlin olanda da qəlbini qirmaq cox gunahdırmı? Bilirem ki, qəlb qırmaq cox günahdır düzdür özüdə valideyni olmayan yetimin.
Cavab: 

Aleykum salam. Başqalarına qarşı mülayim davranmaq, onların səhvlərini gözəl tərzdə bildirmək hər bir müsəlmana vacibdir. Uca Allah buyurur: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər". (Ali İmran, 159).
"Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə etsən, bir də baxarsan ki, aranızda düşmənçilik olan şəxs yaxın dostun olub!" (Fussilət, 34).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari "Ədəbul-Mufrad", 464). 
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurmuşdur:  "Bir kəsin ləyaqətinə toxunmaq və ya ona başqa bir pislik etməklə zülm etmiş adam, dinar və dirhəmin (fayda verməyəcəyi Qiyamət günü) gəlməmişdən əvvəl bu gün həmin adamdan halallıq diləsin. Əgər (Qiyamət günü) onun savabı olarsa, etdiyi zülm qədər savabından götürülər (və zülm etdiyi adama verilər); yox əgər savabı ol­maz­sa, onda zülm etdiyi adamın günahlarından götürülüb onun boynuna qoyu­lar". (əl-Buxari, 2449).
Həmçinin demişdir: "Bilirsinizmi müflis kimdir?", səhabələr dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Rəsulullah (salləllahu aleyhi vəsəlləm) belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, birinin malını (haqsız olaraq) yemiş, birinin qanını tökmüşdür. Buna görə onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs Cəhənnəmə atılır". (ət-Tirmizi, 4/36).
Yetimlərlə gözəl davranmaq haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Evlərin ən gözəli yetimə yaxşılıq olunan evdir, ən pisi isə yetimin qəlbi qırılan evdir". (İbn Məcəh). 
Həmçinin (salləllahu aleyhi vəsəlləm) demişdir: "Yetimləri və yoxsulları himayı edən, Allah yolunda bir döyüşçü və ya gündüzlər oruc tutb gecələr isə namaz qılanın mislindədir". (əl-Buxari)
Qəlbini qırdığımız adamdan mütləq halallıq almaq lazımdır, əks halda qul haqqı günahı ilə yüklənmiş oluruq. Kimin haqqı pozulubsa, Qiyamət günü ona zülm etmiş insandan öz haqqını alacaqdır. Daha ətraflı: Qul haqqı barədə

Paylaş: