Peyğəmbərin Aişə ilə 9 yaşında ailə qurması məsələsi doğrudur?

    17.09.2015
Sual: 
Salam Aleykum Və Rəhmətullah. Səhih Buxari Və Səhih Müslimdə Aişə anamızın (r.a) 9 yaşında peyğəmbərimizlə (s.a.s) ailə həyatı qurduğu haqqında hədis var. Bu səhihdirmi? Nə dərəcədə düzdür bu? Yaşlı bir kişinin - özüdə peyğəmbərimizin 9 yaşında uşaqla ailə qurması düz deyil axı
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Aişə ilə (Allah ondan razı olsun) 9 yaşında evlənməsi doğrudur. Bu barədə səhih hədis kitablarında Aişənin özünün nəql etdiyi hədislər var. Peyğəmbər Aişə ilə 9 yaşında evlənmişdir, dünyasını dəyişəndə isə Aişənin 18 yaşı var idi (Buxari, Muslim).

Bu evlilikdə təəccüblü bir şey yoxdur, çünki İslam dini həddi-büluğ üçün konkret bir yaş həddi təyin etməyib. Uca Allah buyurur: "Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın...". (ən-Nisə, 6). Bu məsələ bir ölkədən digərinə və irqlərə görə iqlim, irs, fizki və sosial şərtlər baxımından fərqlidir. Soyuq bölgələrdə yaşayanlar həddi-büluğa daha gec yaş həddində çatırlar, bundan fərqli olaraq isti bölgələrdə yaşayanar isə həddi-büluğa olduqca erkən yaşlarında çatırlar. Hətta bizim ölkəmizdə yaşlı nəslin nümayəndələri cəmi 70-80 il bundan əvvəlki vaxtlarda qızların 12-14 yaşlarda ərə verildiyini, 15-16 yaşda ərə getməyənin isə "evdə qalmış" sayıldığını təsdiq edirlər. Ölkəmizdən daha isti iqlimi olan Ərəb yarımadasında isə həddi-buluğ yaşına çatma daha tez olurdu.

Həmçinin, o dövrdə müşriklər Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) iftira atmaq, gözdən salmaq üçün heç bir imkanı əldən vermirdilər. Peyğəmbərə "yalançı", "dəli", "sehrbaz", "azmış şair" və digər ləqəblər verməyə cəhd etsələr də, bu məsələdə ona heç bir irad bildirilməmişdir. Bu isə həmin dövrdə bu cür evlənmənin tam normal olduğunun göstəricilərindən biridir.

Qeyd edək ki, Peyğəmbərin Aişəni almasında məqsəd üç gün ardıcıl olaraq gördüyü yuxu idi. Belə ki, yuxuda görür ki, mələklər kimisə onun yanına gətirir və pərdəni açanda arxasında gətirilən şəxsin Aişə olduğunu görür. Peyğəmbərlərin isə yuxusu vəhydir. Deməli, Allah Rəsulu, Aişəni nəfsi istəyinə görə yox, Allahın əmri və vəhy yolu ilə alıb.

Paylaş: