Əbu Hureyra ən çox hədis rəvayət edən səhabədir

    22.07.2015

Əbu Hureyra Abdur-Rəhman ibn Səxr əd-Dovsi əl-Yəməni Peyğəmbərin məşhur səhabəsidir. Əbu Hureyra kəlməsi “pişikcığaz atası” deməkdir. Əgər biz onun adı ilə ləqəbini müqayisə etsək, görərik ki, Abdur-Rəhman yəni, ər-Rəhmanın qulu, Allahın ən çox sevdiyi adlardan biridir, Əbu Hureyra isə qəribə bir ləqəbdir. Lakin buna baxmayaraq Uca Allah onu insanlara məhz bu ləqəblə tanıtmış və sevdirmişdır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onun üçün belə dua etmişdir: “Allahım, bu iki qulunu: Əbu Hureyranı və onun anasını insanlara sevdir!” (Ədəbul-Mufrəd, 34).
Əbu Hureyra hicrətin 7-ci ilində, Muhərrəm ayında, Xeybərin fəthindən əvvəl İslam dinini qəbul etmiş və müsəlman olduğu gündən Peyğəmbərin vəfat etdiyi günədək – yəni, hicrətin 11-ci ilinin rəbiyəl-əvvəl ayınadək onun yanından ayrılmamışdır. 
Bu səhabə Peyğəmbərdən 5374 hədis rəvayət etmişdir. Əbu Hureyra demişdir: “Bir dəfə mən Peyğəmbərin yanına gəlib dedim: “Ya Rəsulullah! Mən səndən çoxlu hədislər eşidirəm, lakin onları yadda saxlaya bilmirəm.”
Peyğəmbər: “Paltarının ətəyini aç!”– deyə buyurdu. Mən paltarımın ətəyini açdıqda Peyğəmbər əlləri ilə sanki nəsə ovuclayıb paltarımın ətəyinə atdı və: “Ətəyini yığ”– dedi. Mən onu yığdım və bundan sonra heç bir şey unutmadım” (Səhih əl-Buxari, 119).
Əbu Hureyra hicrətin 59-cu ilində vəfat etmişdir. Allah ondan və bütün səhabələrdən razı olsun!

Paylaş: