Xəbərçilik günahdırmı?

    27.01.2014
Sual: 
Salam aleykum. Xeberchilik gunahdir?
Cavab: 

Aleykum salam. Hər bir müsəlman vacib buyurulan əməlləri yerinə yetirdiyi kimi pis sözlər danışmaq, söz gəzdirmək, xəbərçilik eləmək, qeybət etmək, qəlb qırmaq və.s bu kimi qadağan olunan günahlardan da çəkinməlidir. Uca Allah buyurur: "Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).
Ümumiyyətlə nəfsin ən pis xüsusiyyətlərindən biri də xəbərçilik və ya nəmmamlıqdır (ara vurmaq, söz gəzdirmək) ki, deməklə, yazmaqla, rəmzlə və ya işarə ilə ifadə edilə bilər. Xəbərçi və nəmmamlıq islamda böyük günahlardan hesab olunur. Qurani Kərimdə buyurulur: "Yalandan çox-çox and içənlərə, eyb axtaran və sözgəzdirənlərə itaət etmə". (əl-Qaləm 10-11).
Xəbərçilik qeybət kimi böyük günahların bir növüdür. Fitnə-fəsada və düşmənçiliyə səbəb olan xəbərçilik haqda Uca Allah belə buyurur: "Hər bir qeybət edənin, tənə vuranın vay halına!" (əl-Huməzə, 1). 
Həmçinin buyurmuşdur: "Fitnə salmaq vuruşmaqdan daha betərdir...". (əl-Bəqərə, 217).
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) buyurur: "Allahın ən düşmən tutduğu adamlar onlardır ki, xəbərçilikdən ötrü dostların arasına girib müsəlman qardaşları bir-birindən ayırır və pak adamların eyiblərini axtarırlar".
Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) səhabələrə (Allah onlardan razı olsun) xitab edərək buyurur: "Sizin içərinizdə olan ən pis şəxsləri özünüzə tanıtdırımmı? Dedilər: Bəli, ya Rəsuləllah! Buyurdu: O kəsdir ki, daim əməlisaleh insanların eyb və çatışmazlıqlarını axtarar və dostlar arasında təfriqə yaratmaq istər".
Başqa bir hədisdə deyilir: "Allahın daha çox nifrət etdiyi şəxs o kəsdir ki, əməlisaleh insanların eyb və çatışmazlıqlarını axtarar və xəbərçilik etməklə dostlar arasında təfriqə yaratmaq istər".
Əli (Allah ondan razı olsun) buyurur: "Xəbərçilikdən uzaq olun. Çünki xəbərçilik düşmənçiliyə, insanın Allahdan və camaatdan uzaq düşməsinə səbəb olur".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) xəbərçiliyin müsəlmana yaraşmayan bir xüsusiyyət olması haqda buyurur: "Xəbərçilik və düşmənçilik (Cəhənnəm) odundadır. Bu iki şey müsəlmanın qəlbində özünə yer tapmaz".
Xəbərçilik və düşmənçilik Cəhənnəm odundadır - dedikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Cəhənnəm əhlini nəzərdə tutur və belə bir xüsusiyyətə malik olan şəxsləri müsəlmançılıqdan xaric edir. Başqa bir hədisdə buyurur: "Xəbərçilər Cənnətə daxil olmazlar".
Sözgəzdirən və xəbərçi adamlar cəmiyyətin ən şər və xəbis fərdləridir; onlar həmişə yalan, qeybət, məkr, həsəd, hiylə, insanlar arasına nifaq və ədavət salmaq kimi işlərlə məşğul olurlar. 

Paylaş: