Yunus peyğəmbərin duası haqqında

    21.09.2015
Sual: 
Salam. Mən sizdən Yunus peyğəmbərin duasının ərəb dilində oxunuşu, dilimizə tərcüməsi və fəzilətləri barədə məlumat verməyinizi çox xahiş edirəm. Əvvəlcədən təşəkkür.
Cavab: 

Aleykum salam. Uca Allah belə buyurur: "Zu-n-Nunu (balıq sahibi, balinanın qarnında olan Yunus peyğəmbəri) da (yada sal!) Bir zaman o qəzəbli (qövmündən) ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: "Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam! Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!" (əl-Ənbiyə, 87-88).

Yunus peyğəmbər (Ona Allahın salamı olsun) balinanın qarnında olarkən belə dua etdi: "Ləə iləəhə illəə əntə sub'həənəkə innii kuntu minə-z-zaalimiin - Səndən başqa heç bir haqq məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!)" (ət-Tirmizi, 5/295; ət-Tirmizi, 5/529. əl-Hakim bu hədisi "səhih" hesab etmiş, İmam əz-Zəhəbi də onu təsdiqləmişdir, 1/505. Bax: "Sahihu-t-Tir­mizi", 3/168). 

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Balıq sahibinin (Yunus) duası: "Səndən başqa ilah yoxdur. Sənin bütün nöqsanlardan uzaq sayıram. Mən zalımlardan oldum" idi. Müsəlman bir kimsə bu halda bu dua ilə dua edərsə mütləq duasına cavab verilir". (ət-Tirmizi; ən-Nəsəi; Əhməd, əl-Beyhəqi, əl-Hakim; Əbu Ya'lə və başqaları).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə demişdir ki: "Sizə elə bir dua haqda xəbər verimmi ki, dünya işlərində darda  olan bir kimsə bunu söylərsə, Allah mütləq onu rahatlığa çıxarar?" Səhabələr "bəli" dedilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Yunus peyğəmbərin zülümətlər içərisində balinanın qarnında olarkən etdiyi duanı edin!" (ən-Nəsəi; əl-Hakim; əl-Beyhəqi).

Teqlər: 
Paylaş: