Yəhudilərin öldürülməsi barədə
Salam aleykum. Müharibən kənarda yəhudinin və ya digər kafirin öldürülməsi ən böyük günahlardandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavat və salamı olsun) qeyri müsəlmanı döyüşdən kənarda öldürməyi qadağan etmişdir: "Kim haqsız olaraq əhli kitabdan birini (dinc dövrdə) öldürərsə, cənnətin iyini belə hiss etməyəcəkdir. Halbuki cənnətin iyi 70 payız məsafəsindən hiss olunur". (ət-Tirmizi; ət-Tabərani).
Başqa bir hədisdə belə xəbər verilmişdir: "Kim zimmini (müsəlmanların himayəsi altında olan kafir) öldürərsə, Cənnətin iyini belə dadmaz! Hansı ki, cənnətin iyi 40 illik məsafədən gəlir". (ət-Tabərani). əl-Buxaridə isə bu ifadə 100 illik məsafədən deyə xəbər verilir. Digər bir hədisdə isə belə deyilir: "Zimmini öldürənə Cənnət haramdır". (Əbu Dəvud).
Uca Allah buyurur: "Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin...". (əl-İsra, 33).
Müsəlmanların ölkə rəhbəri kafirlərlə müharibə elan etməyənə qədər onların əziyyət verici sözlərinə səbr etmək, həmçinin onları dəvət etməyə çalışmaq lazımdır. Müsəlmanların zəif olduğu vəziyyətdə hansısa kafiri öldürməklə vəziyyət dəyişmir, əksinə, kafirlərə müsəlmanlara daha çox əziyyət vermək üçün rəvac verir. Belə vəziyyətdə daha çox dəvət etmək, müsəlmanların həm dində, həm də dünyəvi cəhətdən güclənməsi üçün əlindən gələni etmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də öz dövründə qeyri müsəlmanlardan çox təhqirlər, əzab-əziyyətlər və bəlalar görüb, amma buna baxmayaraq onların hərəkətinə səbr edib və onlar üçün Uca Allahdan hidayət diləyib.
Uca Allah buyurur: "Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir". (Ali İmran, 186).
"...Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır". (əl-Mumtəhənə, 5-9).
"Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır". (ət-Tovbə, 6).
Falçıların öldürülməsini isə düzgün başa düşməmisiniz. Bu yalnız şəriətlə idarə olunan ölkələrdə, məhkəmədə falçının günahı sübut olunduqdan sonra hakim və qazının əmri ilə yerinə yetirilir. Sıravi müsəlmanın isə falçını öldürməsi qəti qadağandır.