Valideynin yerinə həcc ziyarəti etmək olarmı?
Aleykum salam. Əgər valideyn buna qadir deyilsə, övladı, yaxud yaxın bir adamı onun yerinə həcc ziyarəti edə bilər. İbn Abbasdan (radıyallahu anhumə) rəvayət edilir ki, bir qadın Cuheynədən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək belə dedi: "Anam həccə getmək üçün nəzir etmişdi, lakin bunu yerinə yetirmədən vəfat etdi. Onun adından mən həcc edə bilərəmmi? O dedi: "Bəli, onun adından həcc et. Məgər ananın borcu olsa idi, bunu ödəyib verməzdinmi? Onun Allaha olan borcunu yerinə yetir, çünki Allah Ona olan borcun ödənməsi üçün buna daha haqqlıdır". (əl-Buxari, 1745).
Digər bir rəvayətə görə isə Bəni Əmir qəbiləsindən bir nəfər peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək yaşlı atasının həcc və ümrə ziyarətlərini yerinə yetirə bilmədiyini söyləyir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ona atasının əvəzinə həcc və ümrə etməsini əmr edir. (Əbu Davud).
Başqa bir hədisdə deyilir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir nəfərin həccə başlamazdan əvvəl qardaşının və ya qohumunun əvəzinə həcc etmək istədiyini eşidir. O, həmin şəxsə öncə öz yerinə sonra isə başqasının əvəzinə həcc etməsini tapşırır. (İmam Əhməd).
Bu həmçinin oruca da aiddir. Belə ki, Uca Allah buyurur: "Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər...". (əl-Bəqərə, 184).
İbn Abbas (Allah onlardan razı olsun) bu ayənin təfsirində belə deyir: "Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər". (əl-Buxari). Əgər yedizdirməyə imkanları yoxdursa onda onlara heç bir günah yoxdur. Övladları istəsə, onların əvəzinə oruc tuta, yaxud kasıbları yedizdirə bilər.