Cinlər mövcuddurmu?
Aleykum salam. Bəli cinlər mövcuddur. Həm Qurani Kərimdə həm də peyğəmbərimizin səhih hədislərində bu barədə geniş məlumat verilir. Allahın yaratdığı canlı növlərindən biridir. Mələklər və insanlar kimi şüura malikdirlər. Lakin mələklərdən fərqli olaraq, həm də iradə azadlığına və seçki ixtiyarına sahibdirlər. Belə ki, cinlərin də bir qismi mömin, bir qismi kafirdir (insanlar kimi). "Cinn" kəlməsi ərəb dilində "gizlənmək, görünməmək" mənasını bildirən "cənnə" felindən törəyib.
Cinlər alovdan yaradılmışlar. Uca Allah buyurur: "Can tayfasını daha öncə tüstüsüz oddan xəlq etmişdik". (əl-Hicr, 27).
Burada "can" sözü "cin" kəlməsinin cəmini və ya cinlərin ulu əcdadını bildirir. Cinlər adi gözlə görünməyən bədənə malikdirlər, mələk və peyğəmbər surətinndən başqa müxtəxlif canlıların şəklinə düşərək insanların gözünə görünə bilərlər. Cinlər də insanlar kimi yeyib-içir, artıb-çoxalırlar. Onların bəziləri Muhəmməd Peyğəmbərə (Allahın ona və ailəsinə salamı və salavatı olsun) iman gətirmiş və müsəlman olmuşlar. Uca Allah buyurur: "Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda (bir-birinə): "Qulaq asın!" - dedilər və (Quran oxunub) qurtardıqdan sonra (həmcinslərini Allahın əzabı ilə) qorxudanlar sifəti ilə öz qövmlərinin yanına qayıtdılar". (əl-Əhqaf, 29).
Cinlər də insanlar kimi öz əməllərinə cavabdehdirlər və qiyamətdə buna görə sorğu-sual olunacaq, mükafata və ya əzaba layiq görüləcəklər. Yəni,yaradılış qayələri Allaha ibadət etməkdir. Uca Allah Quranda buyurur: "Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım". (əz-Zəriyət, 56).
Quranda hətta əl-Cinn adlı surə də var. Həmçinin Quranda cinlərin Süleyman (Allahın ona salamı olsun) Peyğəmbərlə olan bir çox əhvalatları da keçir. Uca Allah belə buyurur: "(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər". (ən-Nəml , 17).