Qadın hamama gedə bilərmi və digər suallar
Salam aleykum.
1. Ümumiyyətlə, naməhrəmlər olmayan istənilən yerdə hicabı açmaq icazəlidir.
2. Əbu əl-Məlildən (Allah ondan razı olsun) rəvayət olunduğuna görə Şam xalqından bəzi qadınlar Aişənin (Allah ondan razı olsun) yanına gəldilər. Aişə onlardan soruşdu: "Siz kimlərdənsiniz?" Onlar dedilər: "Şam əhlindənik". Bunu eşidən Aişə dedi: "Sizlər hər halda qadınları hamama girən şəhərin xalqındansınız". Onlar "Bəli" cavabını verdilər. Bunu eşidən Aişə belə dedi: "Bunu yaxşı bilin ki, mən Rəsulullahın belə dediyini eşitmişəm: "Hər hansı bir qadın evindən başqa bir yerdə soyunarsa (hicabını çıxararsa), o, Allah ilə özü arasında olan sətri (pərdəni) cırmışdır". (Tirmizi, İbn Məcəh, Dərimi, Əhməd, Əbu Dəvud, "hamamlar" bölümü, hədis nömrə, 4009/4010).
Həmçinin Cabir (radıyallahu anhu) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Allaha və Axirət gününə inanan kimsə alt paltarsız hamama girməsin. Kim Allaha və Axirətə inanırsa, bir üzrü olmadan xanımını hamama buraxmasın". (Tirmizi, "Ədəb"; Nəsəi, "Qüsl").
Bu hədisləri izah edən alimlər deyirlər ki, qadın üçün fitnə olan yerlərdə, yəni namusunu, iffətini qorumağa təhlükə olan hamamlarda çimməsi qadağandır. Əgər hamamda qadınlar üçün fitnədən qorunmaq üçün əmin-amanlıq varsa və onları heç kim görməyəcəksə, belə hamamlarda çimmələri icazəlidir. Səhih rəvayətlərdə xəbər verilir ki, xəlifələrin dövründə müsəlman qadınlar üçün ayrıca hamamlar olub və buna heç bir qadağa da yox idi. Həmin hamamlarda bir gün kişilər, bir gün də qadınlar çimərdilər. Ömərin (radıyallahu anhu) dövründə isə uzaq ölkələrdə müsəlman qadınların qeyri-müsəlman qadınlar ilə birlikdə hamamlara getməsini Ömər ibn Xattab qadağan etmişdir ("Təfsir əl-Kəbir" əsəri, 8/365), lakin müsəlman qadınların öz aralarında hamama getməsini qadağan etməmişdir. Əgər bu fitnə, təhlükəli bir şey olsaydı, təbii ki, Ömər (radıyallahu anhu) bunu qadağan edərdi. Ümumən, övrət yerlərinin görünmə ehtimalı çox yüksək olduğuna görə hamama gedən qadınlar diqqətli olmalıdırlar. Uca Allah Quranda həm kişilərə, həm də qadınlara baxışlarına hakim olmağı əmr edib. (ən-Nur, 30-31).
3. Övrət yerlərini göstərməmək şərtilə gözəllik salonunda müxtəlif üsullarla tükləri aldırmaq olar. Qadına bədənin göbəyindən dizinə qədər olan hissəsini başqa qadına göstərmək qadağandır. Şəhvət hissi olmamaq şərti ilə digər yerlərini göstərə bilər. Əgər o özü və ya baxan qadın şəhvət hiss edirsə, digər yerlərə baxmağı da haramdır.