Əri qadına niqab geyinməməyi əmr edir, qadın ona tabe olmalıdırmı?
Va aleykum Salam. Niqab geyinmək hicab, namaz, oruc və s. kimi vacib buyurulan əməllərdən deyil. Ona görə də əgər ər xanımından niqabı açmasını tələb edirsə, qadın ona tabe olmalıdır. Tabe olmasa, günah daşıyır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) günah olmayan məsələlərdə ərə itaət etmənin qadına Cənnəti qazanmaq üçün vasitə olmasını bildirərək belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol"- deyilər…". (İmam Əhməd, 1661). Digər rəvayətdə deyilir: "İki nəfərin namazı başından yuxarı qalxmır; geri qayıdana qədər ağasından qaçan kölənin və ərinə itaətə qayıdana qədər itaətsizlik edən qadının". (əl-Hakim, 7330).
Həmçinin, qeyd etdiyiniz kimi qadının bu əməli ailə arasında böyük fitnəyə səbəb olub. Ona görə hər hansı fitnəyə səbəb olan və vacib olmayan əməlləri tərk etmək lazımdır, çünki, Uca Allah buyurur: "Fitnə qətldən daha pisdir". (əl-Bəqərə, 191).
Həmçinin, əri də zövcəsinə qarşı üslubunu dəyişməli, Uca Allahdan qorxmalı, səbirli olmalı, xanımı ilə gözəl davranmalıdır, çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bunu əmr etmişdir.