Həkimlər uşağın xəstə doğulacağını deyərsə, abort etdirmək olarmı?
Va aleykumus-Sələm. Əvvəlcə qeyd edək ki, uşağın xəstə doğulacağı hansısa zənn ilə yox, inanılmış, peşəkar həkimlərin faktlara söykənən rəyi əsasında deyilməlidir. Əgər uşaq şikəst doğulacaqsa, hamiləliyin yüz iyirminci gününə qədər, yəni ana bətnində körpəyə ruh üfürülənə qədər abort etməyə icazə verilir. Ruh üfürüləndən sonra isə o, xəstə və ya şikəst olmasına baxmayaraq, insandır və onu öldürmək böyük günahdır. Uca Allah buyurur: "Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik". (əl-İsra, 70).
Valideynlərə isə Allahın qədəri ilə barışmaq və səbr etmək tövsiyə olunur. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Nə qəribədir möminin halı! Bütün hər şeydə onun üçün xeyir var və bu yalnız möminə verilmiş bir nemətdir: Əgər bir şey onu sevindirirsə, o, Allaha həmd edir və həmin şey onun üçün xeyirə çevrilir, əgər ki, ona kədər üz verirsə, o səbr edir və bu da onun üçün xeyirə çevrilir". (Səhih Muslim, 2999). Amma ananın həyatına təhlükə varsa, abort etdirmək vacib olur.