Aya baxıb dua etmək günahdır?
Aleykum salam. Şəriətdə aya baxıb dua etməyin yalnız bu forması gəlib. Yəni "hilal" (təzə ay) görünərkən Allah Rəsulu bu duanı oxumağı tövsiyə edib:
"Allahu əkbər, Allahummə əhilləhu aleynə bil əmni va iməni va-s-sələməti va-l-isləmi va tovfiqi limə tuhibbu rabbənə va tərda rabbunə va rabbukə-l-lah". (Allah hər şeydən üstündür və böyükdür. Allahım sevdiyin və razı qaldığın şeylər xatirinə onun başımız üzərində olması ilə bizə təhlükəsizlik, iman, salamatlıq, islam və müvəffəqiyyət ver. Bizim də Rəbbimiz Allahdır, sənin də). (Tirmizi, 5/504, Darimi, 1/336). Bundan başqa aya baxıb edilən dua və zikrlər və ya hansısa əməllər islamda olmayan əməllərdəndir. Yəni bu dində bidət, (islamda sonradan meydana gəlmiş yenilik) sayılır. Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər demişdir: “Hər bir bidət (dində yenilik) zəlalətdir, hər bir zəlalət isə cəhənnəm odundadır.” Başqa bir hədisdə Peyğəmbər demişdir: “Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar”. (Buxari və Muslim).