Rəsulullahın işi hökmən qələbə çalacaq
Suraqa ibn Malik demişdir: “Bizə kafir qureyşlilərdən nümayəndələr gəldi və bildirdilər ki, onlar Allahın Elçisini və Əbu Bəkri əsir tutmağa və ya öldürməyə görə, onların hər biri üçün veriləcək qanbahasına bərabər mükafat verəcəklər. Mən qəbiləmiz Bəni Mudlicin yığıncaqlarından birində olarkən həmin o nümayəndələrdən biri də oraya gəlib, bizim oturmağımıza baxmayaraq, aramızda ayaqüstdə dayandı və dedi: “Ey Suraqa, mən indicə sahildə bir qaraltı gördüm və mənə elə gəlir ki, gördüyüm Muhəmməd və yoldaşlarıdır!”
Mən anladım ki, bu, həqiqətən onlardır, amma o nümayəndəyə dedim: “Doğrusu, gördüyün onlar deyil, sənin gördüyün bizim gözümüzün qabağında yola çıxmış filankəs və filankəsdir”.
Bundan sonra mən hələ bir müddət yığıncaqda qaldım, sonra qalxıb evə getdim və köləmə tapşırdım ki, təpəliyin arxasında olan atımı gətirib mənim üçün hazır saxlasın. Özüm isə nizəmi götürüb arxa qapıdan çıxdım, nizənin dəmir ucluğunu yerlə sürüyə-sürüyə və nizənin özünü isə mümkün qədər aşağıda tutaraq, atıma yanaşıb mindim və onu dördnala qovdum.
Mən onlara yaxınlaşarkən atım büdrədi və mən yerə yıxıldım. Qalxanda əlimi ox qabına uzadıb oxlardan götürdüm və onlara hər hansı bir zərər verib-verməyəcəyimi bilməkdən ötrü fala baxmağa başladım. Falın nəticəsi uğursuz oldu. Falın uğursuz nəticəsini nəzərə almayaraq, mən yenə də atıma minib dördnala çapdım. Bir az sonra Allahın Elçisinin ətrafına baxmadan Quran oxuduğunu eşitdim, amma bu zaman Əbu Bəkr tez-tez o tərəf bu tərəfə boylanırdı. Elə bu anda atımın ayaqları dizlərinə qədər yerə batdı və mən yenə də onun üstündən yıxıldım. Mən acıqlanaraq atın üstünə qışqırdım, o da fınxıraraq güclə ayaqlarını yerdən çıxarıb ayağa qalxdı və bunun nəticəsində tüstüyə bənzər toz sütunu göyə qalxdı. Sonra mən yenə də oxlarla fal açdım və bəxtimə təkrarən arzu etmədiyim şey çıxdı. Belə olduqda, mən onları çağırıb dedim ki, onlara heç bir pislik etmək istəmirəm və bundan sonra onlar dayandılar və mən da atıma minib onlara yaxınlaşdım.
Mən hansısa bir qüvvənin mənə mane olduğunu başa düşəndə düşündüm ki, Allahın Elçisinin işi hökmən qələbə çalacaqdır. Odur ki, mən ona dedim: “Həmqəbilələrin sənin başına, qanbahasına bərabər mükafat təyin ediblər.”
Mən qureyşlilərin onların əleyhinə qəsd hazırlamasını açıb danışdım, sonra da yola götürdüyüm azuqəmi və bəzi şeyləri onlara təklif etdim, amma onlar heç nə götürmədilər və Allahın Elçisi məndən: “Bizim haqqımızda heç kimə danışma” sözündən başqa məndən heç nə soruşmadı. Mən isə ondan xahiş etdim ki, mənə “mühafizə fərmanı” yazsın və onun tapşırığı ilə Amir ibn Fuheyrə dəri parçası üzərində onu mənim üçün yazdı. Bundan sonra Allahın Elçisi yoluna davam etdi.