Yəcuc və Məcuc tayfaları haqqında

    31.01.2014
Sual: 
Salam aleykum. Yəcuc-Məcuclar haqqında etrafli izah vere bilərsiniz?
Cavab: 

Aleykum salam. Səhih hədislərə görə Yəcuc və Məcuc tayfalarının zühur etməsi Qiyamətin 10 böyük əlamətlərindən biridir. Qiyamət gəlməmişdən əvvəl bəzi əlamətlər vardır ki, bu əlamətlər gəldikdən sonra Qiyamət qopur. Bu əlamətlər kiçik və böyük olmaqla iki yerə bölünür. Kiçik əlamətlərə hündür binaların tikilməsi, insanlara olan etibarın azalması və s. xüsusiyyətlər daxildir. Böyük əlamətlər isə yuxarıda qeyd etdiyimiz kimi sayı ondur. Uca Allah Quranın əl-Kəhf surəsində buyurur ki, Zülqərneyn dilini çox çətinliklə başa düşdüyü bir tayfa ilə rastlaşır. Onlar Yəcuc və Məcucun etdikləri zülmdən və vurduqları zərərdən şikayət edib onları bu adamların fəsadlarından himayə etmək üçün arada sədd qurmalasını ondan xahiş etdilər. Zülqərneyn onların istədiyini yerinə yetirdi: "Nəhayət, o, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yəcuc-Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?" O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim! Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi). (Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər). Sur çalınan kimi onların (məxluqatın) hamısını bir yerə cəm edərik". (əl-Kəhf, 93-99). 
Yəcuc və Məcuc sayları olduqca çox olan iki xalqdır. Onlar Adəm övladlarıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah Qiyamət günü deyir: "Ey Adəm!" Adəm (Allahın ona salamı olsun) deyir: "Sənin hüzurundayam, ya Rəbb!" Allah Təala buyurur: "Cəhənnəmə heyətlər göndərirəm". Adəm (aleyhis-sələm) soruşur: "Cəhənnəm heyətləri nədir?" Allah Təala buyurur: "Hər min nəfərdən doqquz yüz doxsan doqquzu oda (cəhənnəmə), biri isə cənnətə gedəcəkdir. Bu zaman kiçik böyüyəcək, doğulası hər kəs doğulacaqdır. Aranızda Yəcuc və Məcuc adlı iki millət vardır. Onlar yalnız sayca çoxdurlar". (əl-Buxari, 6/382; əl-Hakim "Mustədrək" əsəri, 4/490).  
Uca Allah buyurur:  "Zülqərneynin düzəltdiyi sədd onların öz torpaqlarından xaric olmasına mane oldu: "(Yəcuc-Məcuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər". (əl-Kəhf, 97). 
Bu sədd axır zamana qədər Allahın vədi yetişən günədək davam edəcəkdir. Allahın təyin etdiyi vaxt gəldikdə onlar səddə dəlik açıb zühur edəcəklər: "Rəbbimin təyin etdiyi vaxt (qiyamətə yaxın Yəcuc-Məcüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin vədi haqdır!". O gün (həddindən artıq çox olduqlarına görə) onları (yaxud bütün insanları başlı-başına) buraxarıq. Belə ki, onlar dalğalar kimi bir-birinə qarışarlar (heyrət onları bürüyər, özlərini itirib nə etdiklərini bilməzlər)". (əl-Kəhf, 99).  
Başqa bir ayədə Uca Allah bildirir ki, səddə yol açılacaq və onlar oradan keçəcəklər: "Nəhayət, Yəcuc-Məcuc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sürətlə (məhşərə) axışdıqları zaman, Doğru vəd (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: "Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!" – deyərlər. (əl-Ənbiya, 96-97).  
Bu axır zamanda baş verəcəkdir. Yəni Yer üzündə fitnə-fəsad törətməyə çalışacaqlar. Yəcuc və Məcucun meydana gəlməsi belə təsvir edilir. Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) bildirir ki, onun dövründə Yəcuc və Məcuc səddində balaca bir deşik açılacaqdır. Bu deşik halqa şəklində, baş barmağı boyda və ya ondan bir qədər böyük olacaqdır. Cəhş binti  Zeynəbə (Allah ondan razı olsun) istinadən deyilir: "Rəsulullah bir gün onun yanına gəlib çox narahat bir halda deyir: "Lə ilahə illəllah, vay ərəblərin halına, şər yaxınlaşır. Yəcuc və Məcuc bəndində bu boyda deşik açılmışdır". Baş barmağı ilə işarə barmağını bir həlqə şəklində birləşdirir. Zeynəb (Allah ondan razı olsun) deyir: "Mən dedim: "Ya Rəsulullah! Bizim aramızda əməli salehlər də vardır, biz hamımız həlak olacağıq?" O dedi: "Bəli, əgər xəbislik artarsa!" (əl-Buxari "Fitnələr" kitabı.Yəcuc və Məcuc).  
Onların meydana gəlməsi, İsa ibn Məryəm (Allahın ona salamı olsun) qayıdıb Dəccalı məğlub edəndən sonraya təsadüf edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "...Sonra Məryəm oğlu İsanın yanına Allahın Dəccaldan himayə etmiş olduğu bir tayfa gəlir. İsa onların üzünə əl sürtür, onlar isə Cənnətdə öz dərəcələrindən danışırlar: Allah Təala İsaya vəhy edərək bildirir ki, Öz bəndələrimi üzə çıxartmışam, biri ilə döyüşmək gücündə deyillər. Onlar dağlara qalxmışlar. Allah Yəcuc və Məcucu göndərir. Onlar təpələri aşıb gəlirlər. Onların ilk dəstələri şirin sulu Təbəriyə gölünə çatırlar. Onlar İsa və onun əshablarını mühasirəyə alırlar. Bu vaxt bir baş öküzün qiyməti sizin yüz dinarınızdan daha yaxşı olur. Allah peyğəmbəri İsa və onun əshablarının yalvarışı ilə Allah Təala onların boynuna qurd salır və onlar zəifləyirlər. Yer üzündə elə bir yer olmur ki, bu tayfaların piyinin iyi oranı bürüməsin. İsa və əshablarının yalvarışı ilə Allah uzun boyunlu bir quş göndərir. Onlar bu quşa minib Allahın istədiyi yerə gedə bilirlər. Sonra Allah yağış göndərir, Yer təmizlənir. Yer üzü qadın kimi tər-təmiz olur...". (Muslim "Fitnələr", hədis №: 2937).  
Müslim bu hədisdən sonra yazır: "Əli ibn Xucr əs Sə'di Abdullah ibn Abdrrrahman ibn Yəzid ibn Cabir və əl -alid ibn Muslimə istinad edərək bu rəvayəti danışır: Yuxarıda göstərilən hədisdə "Buranın suyu acı idi" sözlərindən sonra bunlar gəlir: "Onlar yollarına davam edib sıx ağaclı bir Xəmər dağına gəlib çıxırlar. Bu dağ Qüdsün yaxınlığındadır. Onlar deyirlər: "Yer üzündə olanları qətlə yetirdik. Gəlin indi səmada olanları öldürək. Öz oxlarını səmaya atırlar. Allah onların oxlarını qana batmış şəkildə geri qaytarır". İbn Hucrin rəvayətində, həmçinin, deyilir: "Mən öz bəndələrimi nazil etmişəm. Onlarla vuruşmağa heç kəs qadir deyildir". (Muslim "Fitnələr", hədis №: 2937).  
Onlarla vuruşmağa heç kəsin qadir olmamasının səbəbi çoxsaylı olmalarıdır. Onların sayca çoxluğuna dəlalət budur ki, müsəlmanlar onları məhv etdikdən sonra yeddi il ərzində onların silahlarını yandırırlar. Yuxarıdakı rəvayətdə Müslimə istinadla deyilir: "Müsəlmanlar onların oxlarını, nizələrini və başqa silahlarını yeddi il ərzində yandırıb qurtaracaqlar". (İbn Məcəh).  
Əbu Hureyrərin (Allah ondan razı olsun) nəql etdiyinə görə Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Yəcuc və Məcuc hər gün (səddi) qazırlar. Bu işi bir balaca günəş şüası görünənə qədər davam etdirərlər. Onların başçısı deyər: "Sabah qayıdıb yenə qazarıq!" Allah təala qazılmış yeri daha möhkəm bir şəkildə örtər. Nəhayət, onların vaxtı çatanda, Allah onları insanlar arasına göndərmək istəyəndə yenə qazıyırlar. Bu işi günəş şüası görünənə qədər davam etdirirlər. Onların başçıları deyir: "İnşaallah, Uca Allah sabah qayıdıb yenə qazıyarıq!" Səhərisi onlar qazıntı yerinə qayıdanda görürlər ki, buranı dünən necə qoymuşdularsa, eləcə də qalmışdır. Oranı qazıyırlar və bundan sonra adamlar arasına çıxırlar. Suları qurudurlar. İnsanlar onlardan qalalarda özlərini qoruyurlar. Onlar öz oxlarını göyə atırlar. Oxlar onlara qana bulaşmış şəkildə qayıdır. Onlar deyirlər: "Yer üzünün sakinlərini məğlub etdik. İndi də Səma sakinlərinə üstün gələk. Allah onların boyunlarının ardına qurd göndərir. Bu qurd onları məhv edir, öldürür. Rəsulullah (salləllahu aleyhi və səlləm) deyir: "Allaha and olsun, Yer üzünün heyvanları kökəlir. Öz ətlərinə görə şükr edirlər". 
 

Paylaş: