Bürclərə inanmaq günahdır?

    31.01.2014
Sual: 
Salam aleykum. Burclere inanmaq onlarin dediyi kimi hereket etmek bunlar gunahdirmi? Chox sag olun ki, bele maraqli bir sayt achmisiniz. Bilmediyimiz chox sheyler var ki, sizin sayenizde oyrenirik. Allah Sizden Razi Olsun! Amin!
Cavab: 

Aleykum salam. İslamda fala baxmaq və ya baxdırmaq, bürclərə iman gətirərək, onlara bağlanıb, onların verdiyi proqnoza görə hərəkət etmək Allaha küfr etməkdir. Bürclər, ulduzlar, ay, günəş və s. səma cisimləri insanların və kainatın taleyinə, qədərinin dəyişməsində heç bir rola malik deyildir. Çünki bunları yaradan və idarə edən Uca Allahdır.
Uca Allah hər bir kəsə xüsusi qədər, tale yazmışdır. Yuxarıda qeyd ediyimiz kimi ulduzların insanın taleyi ilə heç bir əlaqəsi yoxdur. Uca Allah Qurani Kərimdə sabah insanın başına nə gələcəyini Ondan başqa heç bir kəsin bilmədiyini bildirir:
"Həqiqətən, Qiyamətin vaxtı haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır" (Loğman, 34).
İslam dinində buna qeyb elmi deyirlər. Bu ayəyə əsasən heç bir kəs hətta peyğəmbərlər bu biliyə sahib deyillər. Uca Allah peyğəmbərlərinə qeybdən yalnız istədiyi məlumatı bildirmişdir. Kim bu biliyə sahib olduğunu deyərsə, həmin şəxs yalançı, kafir hesab olunur. Çünki həmin şəxs sabah nə olacağını iddia etməklə bu ayəni inkar etmiş olur. Ona görə də Peyğəmbər demişdir:
"Kim bir falçının və ya kahinin yanına gedər və onun dediklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni (yəni Quranı) inkar edərək küfr etmişdir". 
Kahin gələcəkdən xəbər verənə deyilir. Həmçinin, Allah Rəsulu (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bir dəfə yağışdan sonra dedi: 
"Uca Allahı buyurdu: "Qullarımdan bəzisi səhərə mömin, bəzisi də kafir olaraq çıxdı.  Kim Allahın lütfü və rəhməti ilə bizə yağış yağdırıldı dedisə, Mənə inanmiş, ulduzu inkar etmişdir. Kim də filan ulduzun səbəbi ilə bizə yağış yağdırıldı dedisə, Məni inkar etmiş, ulduza inanmışdır". (Buxari, Müslim).

Teqlər: 
Paylaş: