Evin damına boş bir şey qoymaq günahdır?
Aleykum salam. Şəriətə görə dama boş şey qoymaqda heç bir günah və ya bir problem yoxdur. Əslində bu cür fikirlərin özü islama görə boş şeylərdir. Ümumiyyətlə islama görə bu kimi fikirlər batil inanclardan və xurafatlardan qaynaqlanır. Məsələn; Dama boş şey qoymaq, güzgünün sınması, gecə vaxtı güzgüyə baxmaq, gecə vaxtı dırnaqları tutmaq, gecə vaxtı saç kəsmək, bayquşun ulaması, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməsi, nərdivanın altından və ya sabunlu suyun üstündən keçmək, çərşənbə axşamı işə başlamaq, yaxud çərşənbə günü yola çıxmaq, cümə günü meşədən yaş agac kəsməmək, qab-qaşığın əldən yerə düşməsi, gözlərim yol çəkir demək, tək asqırmaq, cüt asqırmaq, kəbinləri kəsilən ər-arvadın axşam vaxtı çölə çıxması, filankəsi yuxuda görmək, filankəsin ayağı ağırdır, filankəs qarşıma çıxdı işim alınmayacaq və bunlara bənzər fikirlər cahil insanlar arasında uğursuzluq kimi pis əlamətlərdən sayılır. İslama görə isə pis əlamət anlayışı yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bu barədə belə buyurub: "Pis əlamət yoxdur, ən gözəl şey (bir hadisəni) xeyrə, yaxşı yerə yozmaqdır". (əl-Buxari: "Tibb", 44; Muslim: "Salam", 102).
Urva ibni Amir adlı səhabə (Allah ondan razı olsun) belə rəvayət edir: "Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanında uğursuzluqdan söz açıldı. Rəsulullah (salləllahu aleyhi və səlləm) uğursuzluq haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Davud, Tibb, 24).
Hədislərdən göründüyü kimi bir şeyi pis əlamət və ya uğursuzluq hesab etmək doğru deyildir.