Müsəlman qadın kilsəyə gedib rahibəlik edə bilərmi?
Və aleykum Salam. İnsanın qəlbinin nəyəsə meyl etməsi və ya hansısa hisslərin müəyyən bir tərəfə çəkməsi o demək deyil ki, bu insanın qəlbi və əqidəsi sağlamdır. Əksinə, bu şeytanın vəsvəsələridir. Şeytan hər kəsin qəlbinə bir cür vəsvəsə salaraq kimini kilsəyə, kimini qumara, kimini zinaya, kimini pirlərə və s. yönləndirir. Qəlb İslam elminə yiyələnəndən, İslami elmi oxuyandan sonra doğru yola yönləndirə bilər. İnsan yalnız bundan sonra hansı düşüncələrin haqq, hansıların batil olduğunu ayırd edə bilər. Uca Allah Qurani Kərimdə buyurur: "İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar". (Ali-İmran, 85). İnsan birinci növbədə Yaradana qarşı olan ən böyük günahın hansı olduğunu bilməlidir. Bu da Uca Allaha şərik qoşmaqdır. Yəni, yalnız Allahın qadir olduğu şeyləri yaradılmışa aid etməkdir. Xristianlar isə Allahla yanaşı İsa peyğəmbərdən, Müqəddəs Ruhdan (Cəbrail adlı mələkdən), Məryəm anadan (onlara Allahın salamı olsun) və digərlərindən kömək istəyib onlara ibadət edirlər. Halbuki, Allahın Kəlamı olan Qurani-Kərimdə Uca Allah möminlərin adından deyir: "Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik". (əl-Fatihə, 5). Başqa ayələrdə buyurur: "Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir". (ər-Ra'd, 14). Belə ayələr olduqca çoxdur. Bəzi xristianlar İsaya Allahın oğlu deyirlər. Bəziləri də İsaya Allah, Məryəm anaya isə Allahın anası deyirlər. Uca Allah buyurur: "De: "O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur". (əl-İxlas, 1-4). Allah şərik qoşmaq haqda Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48). Kim əvvəllər Allaha şərik qoşsa, lakin sonra tövbə etsə bu günahı Allah bağışlayır.
Nəticə olaraq sizin kilsəyə getməyiniz düz deyil. Allahın Kəlamı olaraq hamımıza göndərilən Qurani-Kərimin mənaca tərcüməsini oxumaq və vəsvəsədən qorunmaq üçün namaz qılmaq, zikr etmək və hər gün ərəbcə Quran oxunuşuna qulaq asmaq lazımdır. Həmçinin oxuyun:
Xristianlar nə üçün kafirdir?
Cadu və vəsvəsədən qorunmaq üçün nə etmək lazımdır?