Yəcuc və Məcuc tayfaları
Onlar sayları olduqca çox olan bir tayfadır. Heç kəs onlara qarşı mübarizə aparmaq iqtidarında olmayacaqdır. Deyilənə görə, onlar Nuhun övladı Yafəsin nəslindəndirlər. Onlar Qiyamətə yaxın vaxtda çıxacaqlar. Uca Allah buyurur:
"Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi. Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?" O dedi: "Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: "Körükləyin!"– dedi. Dəmir közərən kimi: "Gətirin mənə, onun üstünə ərimiş mis töküm!"– dedi. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. Zülqərneyn dedi: "Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir". O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq" (əl-Kəhf, 93-99).
Zülqərneyn - hakimiyyəti bütün yer üzünə yayılmış qədim dünyanın ən böyük hökmdarlarından biridir. O, mömin bir insan olmuşdur. Uca Allahın mərhəməti sayəsində bir müddət insanları Yəcuc və Məcuc qəbiləsinin əlindən xilas etmişdi.
Peyğəmbərin zövcəsi Zeynəb bint Cəhş rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər qəfil onun otağına daxil olub: “Allahdan başqa həqiqi tanrı yoxdur! Yaxınlaşmış şərdən dolayı vay ərəblərin halına! Bu gün Yəcuc və Məcuc səddindən bu boyda dəlik açıldı”– dedi və baş barmağı ilə şəhadət barmağını birləşdirərək onları halqa şəklinə saldı.” (əl-Buxari, 3346).
Həmçinin, onlar haqqında Peyğəmbər demişdir: “Qiyamət günü Uca Allah: “Ey Adəm!”– deyə buyuracaq.
Adəm deyəcək: “Buyur, hüzurundayam və əmrinə müntəzirəm. Xeyir yalnız Sənin Əlindədir!”
Allah buyuracaq: “Cəhənnəmə vasil olacaq kimsələri ayır!” Adəm deyəcək: “Cəhənnəmə vasil olanların sayı nə qədərdir?” Allah buyuracaq: “Hər min nəfərdən doqquz yüz doxsan doqquzu”.
"O zaman uşaqların saçları ağaracaq, hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Ancaq Allahın əzabı çox şiddətlidir" (əl-Həcc surəsi, 2).
Əshabələr dedilər: “Ya Rəsulullah, hansımız o bir nəfərlərdən olacaq?”
Peyğəmbər buyurdu: “Sevinin! Heç şübhəsiz ki, bir nəfər sizdən, doqquz yüz doxsan doqquz nəfər isə Yəcuc və Məcuc tayfalarından olacaq.”
Sonra davam edib dedi: “Canım Əlində olan Allaha and olsun ki, mən sizin Cənnət əhlinin dörddə birini təşkil edəcəyinizə ümid edirəm.”
Biz: “Allahu Əkbər”- dedik.
Peyğəmbər dedi: “Mən sizin Cənnət əhlinin üçdə birini təşkil edəcəyinizə ümid edirəm.”
Biz yenə: “Allahu Əkbər”- dedik.
Peyğəmbər dedi: “Mən sizin Cənnət əhlinin yarısını təşkil edəcəyinizə ümid edirəm.”
Biz yenə: “Allahu Əkbər”– dedik. Peyğəmbər dedi: “O gün siz sayca insanlar arasında, ağ öküzün dərisindəki qara tük və ya qara öküzün dərisindəki ağ tük kimi olacaqsınız.” (əl-Buxari, 3348).
“Yəcuc və Məcuc tayfalarından” deyildikdə həm onlar, həm də digər kafirlər, həmçinin “sizdən” deyildikdə həm səhabələr, həm də onlar kimi mömin olan kimsələr nəzərdə tutulur.