Qorxuram ki, nə qədər ibadət etsəm də, Cəhənnəmə düşəcəyəm...
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram". (ət-Tirmizi, 3540).
Müsəlman qorxu və ümidlə yaşamalıdır. Qorxmalıdır ki, cəzalanar. Ümid etməlidir ki, bağışlanacaq. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: "Özünü necə hiss edirsən?" Gənc dedi: "Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahlarımdan qorxuram". Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona umid etdiyini verər və qorxduğundan da əmin edər". (ət-Tirmizi, 983). Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah belə buyurdu: "Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram". (əl-Buxari "Ədəbul-Mufrad", 616). Həmçinin, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Ona görə siz Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173).