İslamda telepatiya ve telekinezə aid hədislər varmı?

    24.03.2016
Sual: 
Salam.İslamda telepatiya ve telekinezi anlayışına uyğun hər hansı bir hədis varmı? Uca Allah insanın bu bacarığı haqqında Quranda hansı ayə ilə (əgər varsa) işarə edir?
Cavab: 

Telepatiya - fikirləri başqa insanlara ünsiyyət olmadan ötürməyə və ya onun fikrini öyrənməyə deyilir. Bu həm Allahdan olan kəramət, həm də şeytandan olan vəsvəsə nəticəsində mümkün ola bilər.
İkinci xəlifə Ömər (Allah ondan razı olsun) xütbə verərkən əli ilə havaya işarə edərək belə demişdi: "Ey Səriyə, dağa çəkil! Ey Səriyə, dağa çəkil!" Halbuki, Səriyə Ömərin (radıyəllahu anhu) göndərdiyi ordunun başçısı olur və Ömərin (Allah ondan razı olsun) xütbə dediyi vaxt bu ordu bir aylıq məsafə uzaqlığında döyüşdə olur. Ordunun başçısı Səriyə isə deyir ki, "Biz döyüş əsnasında Ömərin sözlərini eşidib dağa çəkildik və (dağa çəkildiyimizə görə) qələbə qazandıq". (Səhih Hədislər Silsiləsi, 1110). 
Şeytandan olan vəsvəsəyə aid isə İbn Səyyadın hadisəsini misal çəkmək olar. İbn Məsud (Allah ondan razı olsun) rəvayət edir: "Biz Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ilə birlikdə idik. İçərilərində İbn Səyyad olan bir dəstə uşaqların yanına gəldik. Uşaqlar qaçdılar. İbn Səyyad isə oturdu. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan xoşlanmadığı bir halı var idi. Peyğəmbər dedi: "Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?"
O dedi: "Sən də mənim peyğəmbər olduğuma şəhadət edərsənmi?"
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Cənnətin torpağı nədir?"
O dedi: "O, yumşaq və bəyazdır, qoxusu isə müşkdür".
Peyğəmbər buyurdu: "Sən doğru dedin. Sən nə görürsən?"
O dedi: "Mən su üzərində bir taxt görürəm".
Peyğəmbər buyurdu: "Sən dəniz üzərində İblisin taxtını görürsən. Bundan başqa nə görürsən?"
O dedi: "Mən bir (iki) doğru söyləyən və bir (iki) yalan söyləyən görürəm. Mənə doğru xəbər də gəlir, yalan xəbər də".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Mən səndən bir şey gizlədirəm, o nədir?"
O dedi: "Duhh". (O, Duhan surəsinin adını tam deyə bilmədi).
Peyğəmbər buyurdu: "Sus, sən heç vaxt həddini aşa bilməyəcəksən!"
Bu sözlərdən sonra Ömər (Allah ondan razı olsun) dedi: "Ya Rəsulullah! İzn ver onu öldürüm".
Peyğəmbər buyurdu: "Əgər fikirləşməkdə olduğun (Dəccəl) bu uşaqdırsa, sən onu öldürməyə əsla qadir olmayacaqsan. O, Dəccəl deyilsə, onu öldürməkdə sənin üçün bir xeyir yoxdur". (Muslim, 2924).

Sufilərdə və digər azmış təriqətlərdə baş verən mistik hadisələr də bunlarla əlaqədardır. Ona görə də, alimlər demişlər ki, insan istəyir göylə uçsun, istəyir dənizin üstü ilə yerisin - əgər o şəriətin dediyindən kənara çıxıbsa, o nəfsinə uyan bir bidətçidir.

Telekinez – toxunmadan əşyaları tərpətməyə deyilir. Buna aid Qurani Kərimdə Süleymanın (aleyhis-sələm) əhvalatını qeyd etmək olar. Uca Allah buyurur: "Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?" Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!" Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!" (ən-Nəml, 38-40).

Teqlər: 
Paylaş: