Cənnətin ən yüksək yerinə necə nail olaq?

    16.03.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Cənnətin ən yüksək yerinə hansı əməllər ilə çataq? Bütün möminlər Peyğəmbərləri görəcək mi?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir. Cənnət çayları oradan qayna­yıb axır". (əl-Buxari, 2790).
Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar". (əl-Mu'minun, 1-11).
Cənnətin ən yüksək mərtəbəsinə nail olmaq üçün Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Mən, haqlı ol­du­ğu halda belə mübahisədən əl çəkən kimsənin Cənnətin güşə­sin­də bir evi olacağına, habelə, za­rafatla olsa belə yalan danışmayan kimsənin Cənnətin ortasında bir evi olacağına və bir də əx­la­qı gö­zəl olan kimsənin Cənnətin ən yüksək təbəqəsində bir evi ola­ca­ğı­na zəmanət ve­ri­rəm!" (Əbu Davud, 4800). Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, (bir dəfə) bir nəfər Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) Qiyamət barə­sində soruşub dedi: "Qiyamət Saatı nə zaman gələcək?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyur­du: "Sən Qiya­mətə nə tədarük görmüsən?" Adam dedi: "Heç bir şey ha­zır­lamamışam, mən sadəcə Allahı və onun Rəsulunu sevirəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Sən sevdiyin kəslə bir yerdə olacaqsan!" Ənəs (Allah ondan razı olsun) dedi: "Biz Peyğəmbərin (salləllahu aleyhi və səlləm): "Sən sevdiyin kəslə bir yerdə olacaqsan!" sözünə sevin­diyimiz kimi heç bir şeyə sevinməmişdik". Ənəs (Allah ondan razı olsun) dedi: "Mən Peyğəm­bəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun), Əbu Bəkri, Öməri (Allah onlardan razı olsun) sevirəm və ümid edi­rəm ki, onlar qədər yaxşılıq etmiş olmasam belə, bu sevgimə görə onlarla bir yerdə olacağam". (əl-Buxari, 3688).

Teqlər: 
Paylaş: