Hədisdə deyilən "evlənməyə gücü çatmayanlar" hansı günlər oruc tutmalıdırlar?
Salam aleykum. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır". (əl-Buxari; Muslim; İbn Məcəh).
Bu hədis evlənə bilməyənlərin daha çox oruc tutmalı olduğunu göstərir. Çünki, oruc şəhvəti soyudur. Bura birinci və dördüncü günlər, İslam aylarının 13-ü, 14-ü, 15-i tutulan oruclar və həmçinin, Cümə və şənbə gününü çıxmaq şərtilə digər istənilən gündə tutulan könüllü orucları misal çəkmək olar. Ramazandan əlavə nafilə oruclar hər gün tutula bilməz, ən çoxu günaşırı tutulmalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Allahın ən çox xoşuna gələn namaz Davudun (əleyhis-Səlam) qıldığı namaz, ən çox xoşuna gələn oruc isə Davudun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qalxıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Orucu da günaşırı tutardı". (əl-Buxari, 1131).
Ramazandan başqa hər gün oruc tutmağın qadağan olması barədə Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə belə buyurdu: "Ey Abdullah, elə bilirsən ki, sənin (ara vermədən) gündüzlər oruc tutub, gecələr namaz qıldığını mənə xəbər verməyiblər?!" Dedim: "(Bilirəm ki,) xəbərin var, ey Allahın Elçisi!" O buyurdu: "Belə etmə! Hərdən oruc tut, hərdən də tutma, gecənin bir hissəsini namaz qıl, bir hissəsini də yat! Sözsüz ki, bədəninin sənin üzərində haqqı vardır, gözlərinin sənin üzərində haqqı vardır, həyat yoldaşının sənin üzərində haqqı vardır, qonağının sənin üzərində haqqı vardır. Şübhəsiz ki, hər ayın üç gününü oruc tutmaq sənə yetər. Belə ki, bir yaxşılığın əvəzi sənə on qat verilər. Bu da tam bir ilin orucuna bərabər olar". Mən daha çox (rüsxət istədim), lakin daha da sərt münasibət gördüm. Mən dedim: "Ey Allahın Elçisi, mən özümdə (oruc tutmağa) qüvvə hiss edirəm". Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: "Elə isə Allahın peyğəmbəri Davudun tutduğu orucu tut və buna heç nə əlavə etmə!" Mən soruşdum: "Allahın peyğəmbəri Davudun tutduğu oruc necə idi ki?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: “İlin yarısını (oruc tutardı)!" (əl-Buxari, 1975).