Qaranlıq düşən kimi qorxuram...

    06.02.2014
Sual: 
Salam aleykum. Mən xüsusile qaranlıq düşən kimi narahat oluram. Elə bil ki, kimsə yanımdadı. Çox qorxuram. Məni kiminsə izlədiyini düşünürəm. Gün ərzində evdə tək qalanda belə oluram. Amma qaranlıq düşəndə qorxularım daha da artır. Həmçinin anam evdə olanda da. Mən özüm namaz qılanam. Heç vaxt məndə belə hal baş verməyib. Bir aydır belədir. Mən nə edə bilərəm? Xahiş edirəm mənə məsləhət edəsiz.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal sadəcə şeytan vəsvəsəsi və ya cadu nəticəsində ola bilər. Bundan qorunmaq və ondan müalicə olunmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), günahları tərk etmək və onlardan tövbə etmək lazımdır. Həmçinin, çox Quran oxumaq və hər gün oxumaq üçün vaxt ayırmaq, Peyğəmbərimizin buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, ayətul kursini hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, "əl-Fatihə", "əl-İxlas", "əl-Fələq" və "ən-Nəs" surələrini hər namazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, dinimizin buyurduğu ruqyələri oxumaq (yəni Quran ayələrindən, zikr və dualardan ibarət sözləri xəstəyə oxumaq). Həmçinin, bal, qara çörək otu, zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək lazımdır. Bütün bu deyilənlər cadu, gözdəymə və digər xəstəliklərin müalicəsində istifadə edilən ən təsirli vasitələrdəndir. Cadudan qorunmaq üçün falçı yanına getmək böyük günahdır! Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim bir falçı və ya kahinin yanına gedib onun söylədiklərini təsdiq edərsə, Muhəmmədə nazil ediləni inkar etmiş olar. Kim də yanına gedib, amma onun söylədiklərini təsdiq etməzsə, qırx gün namazı qəbul edilməz". (əl-Heysəmi, 5/117; əl-Bəzzar, 3/399).
Əgər bu hal sizdə çox ciddi olsa, məsləhət görürük ki, bu sahə üzrə bir mütəxəssisə müraciət edəsiniz. İslam dinində cadudan əmələ gələn bu cür problemlərin həlli vardır. Mütəxəssis dedikdə, ekstrasens, falçı və ya cadugər nəzərdə tutmuruq. İslamda Quran ayələri, zikr və dualardan ibarət ruqyə oxumaq ilə müalicə üsulu vardır. Təəssüflər olsun ki, bu sahəni bilənlərin sayı ölkəmizdə çox azdır.

Paylaş: