Valideynlərim İslama qarşı olduqları üçün namaza başlamağa çətinlik çəkirəm...
Və aleykum salam. Namaza başlamaq niyyətiniz münasibətilə sizi təbrik edirik və Uca Allaha dua edirik ki, sizi din üzərində sabit etsin, axirətdə namaz və digər yaxşı əməlləriniz sayəsində günahlarınızı bağışlayaraq sizi Cənnətə daxil etsin! Namaz Uca Allahın əmridir, Qiyamət günü sorğu sualda ilk soruşulan sual namaz barədə olacaq və onu əvəz edəcək başqa əməl də yoxdur. Sizin ətrafdakıların İslam haqqında nə düşünməsindən asılı olmayaraq tezliklə namaza başlayın və Uca Allaha valideynlərinizə də hidayət verməsi üçün çoxlu dua edin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanında yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxınlaşaram. O, Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyürərək gələrəm". (Səhih əl-Buxari, 6856).
Çalışın valideynərinizlə mübahisə etməyin, amma namazları da vaxtlı-vaxtında qılın və Uca Allahın vacib buyurduğu əməlləri tərk etməyin. Valideynlərinizi də dinə dəvət etməyə çalışın. Daha ətraflı: İslama dəvət necə olmalıdır?