Axirət dünyasında bizləri kim hesaba çəkəcək, qəbir əzabı doğrudurmu və ölənlər hara gedirlər?

    10.02.2014
Sual: 
Salam aleykum. O biri dunyada bizleri kim sorguya chekecek? Ve qebir ezabi duzdurmu? Qiyamet olacag indi ölenler hara gedir? Ve indi ölenler qebir ezabi chekirler?
Cavab: 

Aleykum salam. Qiyamət gününə qədər bütün ölən insanlar "bərzəx" adlanan qəbir aləminə gedirlər. İnsan qəbirə qoyulduqda onun yanına Nəkir və Munkir adlı iki mələk gəlir və ona "Rəbbin kimdir?", "Dinin nədir?", "Peyğəmbərin kimdir?" suallarını verir. Bu üç sadə görünən suala Uca Allahın yardımı ilə yalnız mömin kəslər cavab verməyə müvəffəq olacaqlar. Onlar orada ruhən yaşayır; möminlər naz-nemət içində, kafirlər isə əzaba düçar olurlar. Bu Qiyamət qopana qədər davam edir. Qiyamət günü gəldikdə isə bütün insanların cəsədləri bitərək qəbirlərdən çıxacaq, hər kəsin ruhu öz bədəninə qovuşacaq və hamı sorğu-sual olunmaq üçün Uca Allahın hüzuruna toplaşacaq. Əməl tərəzisi qoyulacaq və şahidlər gətiriləcək, hər kəs dünyada etdiyinin əvəzini alacaq və heç kəsə zərrə qədər zülm edilməyəcək. Möminlər Cənnətə daxil olacaq, kafirlər isə Cəhənnəmə atılacaqlar. Bu barədə Qurani Kərimdə və səhih hədislərdə çox danışılır. Qəbir əzabı haqdır və Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) müsəlmanlara qəbir əzabından Allah Təalaya sığınmağı buyurmuşdur. Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zövcəsi və möminlərin anası xanım Aişə (Allah Ondan razı olsun) demişdir: Allahın elçisi namaz qılarkən dua edib deyərdi: "Allahım, qəbir əzabından Sənə sığını­ram. Məsihi-dəccalın fit­nəsindən Sənə sığını­ram. Həya­tın və ölümün fit­nəsindən Sənə sığı­nıram. Allahım, günahdan və borc­dan Sənə sığınıram".

Teqlər: 
Paylaş: