əl-Mulk surəsinin fəziləti
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - demişdir: “əl-Mulk surəsini (oxumaq) qəbir əzabından qoruyur”. Həmçinin demişdir: “Həqiqətən, Allahın Kitabında cəmi otuz ayəlik (əl-Mulk) surəsi bir kişini Cəhənnəmdən çıxarıb Cənnətə girməsinə şəfaət etdi”. (əl-Hakim, 3838).
Cabir ibn Abdullah - Allah ondan razı olsun - demişdir: “Allah Elçisi “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi (olan Allah) nazil etmişdir” (əs-Səcdə) və “Mülk Əlində Olan nə qədər xeyirxahdır...” (əl-Mulk) surələrini oxumayınca yatmazdı. Əbu Zubeyr deyir: “Bu iki surə Qurandakı hər bir surədən yetmiş savab üstündür. Hər kəs bu iki surəni oxusa, bunun sayəsində ona yetmiş savab yazılar, onun üçün yetmiş dərəcə yüksələr və onun yetmiş günahı silinər”. (əl-Buxari “Ədəbul-Mufrad” 1207).
İbn Məsud - Allah ondan razı olsun - demişdir: “İnsan qəbirə qoyulduqda, ona ayaqları tərəfindən əzab yaxınlaşacaq. Ayaqları belə deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə (ibadətə) qalxıb əl-Mulk surəsini oxuyurdu”. Sonra ona əzab sinəsi və ya qarnı tərəfdən yaxınlaşacaq. Sinəsi və ya qarnı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə əl-Mulk surəsini oxuyurdu”. Sonra başı tərəfindən yaxınlaşacaq. Başı deyəcək: “Mən tərəfdən sizə yol yoxdur, çünki o, mənimlə əl-Mulk surəsini oxuyurdu”. Bu surə qəbir əzabından qoruyur və o, Tövratda da əl-Mulk surəsi adlanır. Kim onu hansı bir gecədə oxuyarsa, bol və gözəl əməl etmiş olar”. (əl-Hakim, 3839).