Qiyamət günü ay ilə günəş bir yerdən çıxacaq?
Və aleykum Salam. Gördüyünüz adi bir haldır və il ərzində vaxtaşırı günəşlə ay eyni vaxtda göydə olur. Qurani-Kərimdə Qiyamət günü göy cismlərinə nə olacağı haqda "ət-Təkvir", əl-İnfitar", "əl-İnşiqaq" surələrindən oxuya bilərsiniz. Qurani-Kərimdə Uca Allah Qiyamət gününün olacağı barədə xəbər vermişdir. Uca Allah buyurur: "Vaqiə qopacağı zaman, onun qopduğunu heç kəs dana bilməz. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman" (əl-Vaqiə, 1-6). "And içirəm Qiyamət gününə! And içirəm peşmançılıq çəkən nəfsə! İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik. Lakin insan bundan sonra da günah etmək fikrindədir. O: "Qiyamət günü nə vaxt olacaq!"– deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: "Hara qaçaq?" Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir". (əl-Qiyamə, 1-13). Buna dair Quranda bir çox ayələr vardır.
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Günəş və ay Qiyamət günü sarınıb büküləcəkdir". (Səhih əl-Buxari, 3200).
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm): "(Qiyamət günü) siz ayaqyalın, lüt-üryan və sünnət olunmamış halda məhşərə toplanacaqsınız" - dedi, sonra da bu ayəni oxudu: "...Məxluqatı ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik". (əl-Ənbiya, 104)....". (Səhih əl-Buxari, 3349).
Bütün insanlar və cinlər, yer üzündə olan bütün məxluqat bir yerdə toplanacaqlar. Sizi çoxluq şübhəyə salmasın. Əgər araşdırsanız ətrafımızda olan kainatda biz zərrəcikdən də kiçiyik. Allah isə kainatın Yaradıcısıdır. Həmçinin oxuyun: Qiyamətin mənzərəsi