Ədalətsiz hakimə qarşı çıxmaq olarmı?

    09.06.2016
Kimdən: 
hecne
Sual: 
salam burda yazilibki hakimiyyete qarsi cixmaq istefasini istemek olmaz bes hakim qanunsuz olaraq secilibse konstitisiyaya dovletin qayda qanununa zidd gedirse Allahin hokmlerine qarsi cixirsa insanlara zulm edirse istefasini teleb etmek olmaz??gereydi hakime qarsi cixmaq haram olmagiycun hakim qanuni dovlet qayda qanunuyla secilmeli deyilmi??
Cavab: 
Aleykum salam. Müsəlman hakim ədalətsiz də olsa, ona qarşı çıxmaq qadağandır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Üzə­riniz­də hökm­ranlıq edən kəs başı kişmişə bənzər həbəşi olsa belə, (əmrlərini) eşidib ona itaət edin". (Səhih əl-Buxari, 7142).
Həmçinin buyurmuşdur: "Varlı və kasıb olduğunuz halda, xoşladığınız və xoşlamadığınız işlərdə, rəhbərlərə tabe olun. Hətta onlar sizə məxsus olan bir şeyi əlinizdən alsalar belə, rəhbərləri dinləyib onlara itaət emək sizə vacibdir". (Səhih Muslim, 1836). Bu kimi hədislərdə hikmət ondan ibarətdir ki, hakimiyyətə qarşı çıxmağın fitnə-fəsadı baş verən hansısa haqsızlıqların fitnə-fəsadından qat-qat böyükdür. Bunun əyani misalını günümüzdə baş verən hadisələrdən görmək olar. Qonşu müsəlman ölkələrində rəhbərə qarşı çıxmağın nəticəsində minlərlə insanın qanı axıdılıb, şəhərlər viran edilib, uşaqlar yetim qalıb, milyonlarla insan evlərindən didərgin düşüb. Dinimizə görə zülmə məruz qalmaq istəməyən birinci növbədə özü zülm etməməlidir -- Allahın və insanların haqlarına riayət etməlidir, çünki Uca Allah buyurur: "Beləliklə, qazandıqları günahlara görə zalımların bir qismini digərinə hakim təyin edərik". (əl-Ənam, 129).
Hakimə yalnız günah olan işlərdə itaət etmək qadağandır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (Yaradana) asi olmaqda məxluqata (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd "Musnəd" kitabı,1095).
Həmçinin demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (Səhih əl-Buxari, 6830, 7257; Səhih Muslim, 1840).
Uca Allah rəhbərə itaət etməyi əmr edərək demişdir: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərinə və özünüzdən olan rəhbərlərə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz Allaha və Qiyamət gününə inanırsınızsa onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisa, 59).
Həmçinin Allah Rəsulu belə buyurmuşdur: "Məndən sonra imamlar olacaqdır ki, nə mənim yolumu tutub getməyəcəklər, nə də ki, sünnəmə tabe olmayacaqlar. Onlar insan cismində qəlbləri şeytanların qəlbidir". Huzeyfə dedi: "Əgər buna yetişərəmsə, onda nə edim, ey Allahın Elçisi?" Peyğəmbər buyurdu: "Əmirə qulaq as və itaət et, hətta belinə vurub, malını əlindən alsa belə, qulaq as və itaət et". ("Silsilətul-Əhadisis-Sahihə", 2739).
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Rəhbərlər günahı əmr etmədikləri müddətcə sənin onlara tabe olmağın vacibdir. İstər bu xoşladığın bir əməl olsun, istərsə də xoşlamadığın bir əməl. Onlar günahı əmr etdikləri vaxt isə nə dinləmək, nə də itaət etmək doğru deyil". (Səhih əl-Buxari, 2955, 7144; Səhih Muslim, 3423, 4869).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Varlı və kasıb olduğunuz halda, xoşladığınız və xoşlamadığınız işlərdə, rəhbərlərə tabe olun. Hətta onlar sizə məxsus olan bir şeyi əlinizdən alsalar belə, rəhbərləri dinləyib onlara itaət emək sizə vacibdir". (Səhih Muslim, 3419, 4860).
Teqlər: 
Paylaş: