Peyğəmbərlərin möcüzələri

    10.02.2014

Möcüzə sözü acizlik sözündən əmələ gəlmiş və "qadir olmamaq" mənasını ifadə edir. Peyğəmbərin möcüzələri insanların onları etməkdə aciz olduqları şeylərə deyilir. Möcüzə, peyğəmbərlərin sadiq olduqlarının sübutu olaraq baş verən fövqəladə hadisələrə deyilir. Həmin hadisələrin bənzərini heç kəs edə bilməz.

Peyğəmbərlərin bəzi möcüzələrinə misallar

Peyğəmbərlərin bir çox möcüzələri olmuşdur. Məsələn, Saleh peyğəmbərdən müşriklər özlərinin təyin etdiyi bir qayadan dəvə çıxarmasını istəmiş, hətta sonradan həmin dəvəni vəsf də etmişdilər. Saleh peyğəmbər Allaha dua edərək bunu Ondan istəmişdi. Allah həmin qayadan onların istədikləri xüsusiyyətlərə malik olan bir dəvəni çıxartmışdı. Uca Allah bu barədə buyurur:
“Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə  açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislik etməyin, yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar” (əl-Əraf, 73).
İbrahim peyğəmbərin möcüzəsi isə qövmünün ona əzab vermək və onu məhv etmək məqsədilə qaladıqları, sonra da içinə atdıqları odun onun üçün soyuq və salamat olmasıdır. Uca Allah buyurur:
“Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq” (əl-Ənbiya, 68-70).
Musa peyğəmbərin möcüzələrindən biri onun əsası idi. O, əsanı yerə atdıqda, əsa Allahın izni ilə böyük bir ilana çevrilirdi. Uca Allah buyurur:
“Sağ əlindəki nədir, ey Musa?”Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. Allah buyurdu: “At onu yerə, ey Musa!” Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq” (Ta ha, 17-21).
Onun digər bir möcüzəsi isə əlini köynəyinin yaxasına salıb çıxardıqda əlinin ay parçası tək parpar parıldaması idi. Uca Allah buyurur:
“Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın” (Ta ha, 22).
İsa peyğəmbərin möcüzəsi isə bu idi ki, o palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürdükdə o əsl quşa dönürdü. Bundan başqa o kor və cüzam xəstəliyinə mübtəla olana Allahın izni ilə əlini sürtər, o da sağalardı, qəbirdəki ölüləri çağırar, onlar da onun çağırışına cavab verər və dirilərdilər. Uca Allah buyurur:
“Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin” (əl-Maidə, 110).

Muhəmməd peyğəmbərin möcüzələri

Peyğəmbərimizin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - möcüzələrindən biri də əzəmətli Qurandır ki, bu da bütün peyğəmbərlərə verilmiş möcüzələrin ən əzəmətlisidir. Uca Allah buyurur:
“Əgər qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, Allahdan savayı bütün şahidlərinizi köməyə çağırın!” (əl-Bəqərə, 23).
O, həmçinin buyurur: “De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər” (əl-İsra, 88).
Onun daha bir möcüzəsi Məkkə əhlinin ondan möcüzə göstərməsini istədiyi zaman ayı iki yerə bölməsi idi. O zaman ay iki yerə bölünmüş, həm Məkkə əhli, həm də başqaları bunu görmüşdülər. Uca Allah buyurur:
“Qiyamət yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər” (əl-Qəmər, 1-2).
Peyğəmbərin bir başqa möcüzəsi də İsra və Merac hadisəsi idi. Uca Allah buyurur:
“Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1).
Peyğəmbərlərin, ələlxüsus da Peyğəmbərimizin möcüzələri çoxdur. Burada qeyd etdiklərimiz isə onlardan bir neçəsidir.

Paylaş: