Quran bənzərsizdir!

    15.12.2013

Uca Allahın insanlara göndərdiyi peyğəmbərlər (Allahın onlara salamı olsun) öz dövrlərinə və cəmiyyətlərinə xas olan möcüzələr göstərirdilər. Bu möcüzələr onların xalqlarının daha çox nailiyyət qazandıqları sahələri ilə bağlı olurdu. Musa peyğəmbərin (aleyhis-sələm) dövründə Misir əhalisi arasında sehrbazlıq geniş yayılmışdır. Ancaq Uca Allahın Musaya (Allahın ona salamı olsun) verdiyi möcüzələr sehrbazların məharətini qat-qat üstələmişdir. İsa peyğəmbərin dövründə isə İsrail oğulları tibb sahəsində daha çox nailiyyət əldə etmişdilər. Amma İsa peyğəmbərin (Allahın ona salamı olsun) Allahın izni ilə etdiyi möcüzələri heç bir loğman edə bilməmişdir.
Ərəblər cahiliyyət dövründə şeirə böyük qiymət verir, dil və bəlağət sahəsində dərin biliklərə sahib olmuşdular. Kəbə ziyarəti mövsümündə təşkil olunan yarmakalarda şairlərin yarışmaları keçirilir və ən gözəl şeir nümunələri Kəbənin divarlarından asılırdı. Ərəblər şeiriyət vurğunu olmalarına baxmayaraq Qurani Kərimin mükəmməl və bənzərsiz olması onları valeh etmişdir. Biz burada Qurani Kərimin bənzərsiz olmasının bəzi cəhətlərinə toxunmaq istəyirik.
1. Quranın dili və üslubu ərəb dilində olan bütün başqa əsərlərin dil və üslubundan üstündür, onun ayələri isə həm forma, həm də məzmun baxımından bənzərsizdir.
2. Quran ayələrinin çoxmənalı olmasına baxmayaraq onlar olduqca aydın və asan anlaşılandır. Uca Allah Qurani Kərimdə bu haqda buyurur: "Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir". (Ali İmram, 138).
3. Quranın qanunları müdrik və nöqsansızdır. Bu ilahi qanunlar insan həyatının bütün sahələrini əhatə edir. Uca Allah buyurur: "Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (əl-Məidə, 50).
4. Quran ayələri gözəgörünməz qeyb aləmi və gələcək haqqında xəbər verir. Bu xəbərlər yalnız hər şeyi bilən Allah tərəfindən nazil olması nəticəsində meydana gələ bilər.
5. On dörd əsr bundan qabaq göndərilməsinə baxmayaraq Quran ayələri müasir elmi nailiyyətlərə qətiyyən zidd olmayan elmi məlumatlar haqqında xəbər verir.
6. Quran ayələri həyatın məqsədi haqqında xəbər verir və insanların ehtiyac duyduqları bütün başqa suallara cavab verir. Uca Allah buyurur: "Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik". (ən-Nəhl, 89).
7. Quran ayələri təqribən iyirmi üç il ərzində nazil edilmişdir. Onların arasında oxşar mənalı və oxşar məzmunlu çoxlu ayələr vardır, lakin onların arasında heç bir ziddiyət yoxdur. Əgər Quran bu uzun müddət ərzində insanlar tərəfindən yaradılmış olsaydı, orada çoxlu sayda ziddiyətə rast gəlmək olardı. Uca Allah bu haqda buyurur: "Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar". (ən-Nisə, 82).
8. Qurani Kərim yazıb-oxumaq bilməyən bir insana nazil edilmişdir. Uca Allah buyurur: "De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz". (əl-Əraf, 158).
Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) heç bir təhsil almamışdır. O nə şeiriyyət, nə ilahiyyət, nə də tarix bilicisi olmuşdur. O heç vaxt yəhudilərin dini kitablarını öyrənməmiş və qədim ərəb peyğəmbərlərinin (aleyhimis-sələm) salnaməsi ilə tanış olmamışdır. O çobanlıq edərək böyümüş və həmin dövrün mədəniyyət mərkəzlərindən uzaqda yaşamışdır. Bununla yanaşı o, bəşəriyyətə elə bir Kitab gətirmişdir ki, on dörd əsr keçməsinə baxmayaraq insanlar onun bənzərini yarada bilməmişlər.

Paylaş: