14. İbrahim surəsi

 "İbrahim" surəsi, 52 ayə,
  Məkkədə nazil olub.

  Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Əlif. Ləm. Ra. Bu, insan­ları öz Rəb­binin izni ilə qa­ranlıqdan nura – Qüd­rət­li, Tə­rifəlayiq Allahın yoluna çı­xart­maq üçün sənə nazil etdiyimiz bir Kitabdır.

2. O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Gi­riftar olacaqları şid­dətli əzab­dan dolayı vay kafirlərin ha­lına!

3. O kəslərin ki, dünyanı axi­rətdən üstün tutur, insanları Allah yolundan sapdırır və onu əyri göstərməyə çalı­şır­lar. On­lar dərin bir azğınlıq içində­dir­lər.

4. Biz hər bir elçini ancaq öz xalqının dilində danışan gön­dər­dik ki, haqqı on­lara bə­yan etsin. Allah istədiyini sap­dı­rır, istədi­yini də doğru yola yönəl­dir. O, Qüdrətlidir, Müd­rikdir.

5. Biz Musanı möcüzələri­mizlə gön­dərib ona: “Xalqını qaranlıq­dan nura çı­xart və Al­lahın günlə­rini onların ya­dı­na sal”. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.

6. O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. Onlar sizə ağır əzablar verir, oğlan uşaq­la­rınızı öldürür, qadınla­rı­nızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”.

7. O zaman Rəbbiniz bildir­mişdi: “Əgər şükür etsəniz, si­zə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddət­lidir”.

8. Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı kafir ol­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tərifə­layiqdir”.

9. Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatmadımı? Bu haq­da Allah­dan başqa heç kəs heç nə bilmir. Elçiləri onlara açıq-aydın dəlil­lər gətirdilər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri də­vət etdiyiniz tövhid barəsində şübhə doğuran şəkk içindəyik!”

10. Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi iman gətir­məyə çağırır”. Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”.

11. Elçiləri onlara dedilər: “Biz də si­zin kimi bir insanıq. Lakin Allah Öz qul­la­rından istədiyinə lütfkarlıq edir. Alla­hın izni ol­madan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvək­kül etsinlər.

12. Allah bizə yollarımızı gös­tərdiyi halda, biz nə üçün Allaha təvəkkül et­məyək? Si­zin bizə verdiyiniz əziy­yət­lə­rə dö­zəcəyik. Qoy təvəkkül edən­lər an­caq Allah təvəkkül et­sinlər”.

13. Kafir olanlar öz elçilə­rinə dedi­lər: “Sizi ya öz torpa­ğı­mız­dan qovaca­ğıq, ya da müt­ləq dinimizə qayıdacaq­sı­nız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək

14. və onlardan sonra sizi o yerdə sa­kin edəcəyik. Bu, hü­zu­rumda dur­maqdan qorxanlar və təhdidimdən çə­kinənlərə aiddir”.

15. Elçilər qələ­bə istədilər. Hər bir inad­kar dikbaş da ziyana uğradı.

16. Qabaqda onu Cəhənnəm göz­lə­yir; orada ona irinli su içir­diləcək.

17. O bunu qurtum-qurtum içə­cək, amma onu uda bilmə­yəcək­dir. Ona hər yandan ölüm gələ­cək, lakin o, ölmə­yə­cəkdir. Bunun ardınca da ağır bir əzab gələ­cəkdir.

18. Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasır­ğalı bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir. On­lar gör­dükləri işlərə görə savab qazan­maz­lar. Dərin azğınlıq da elə bu­dur.

19. Allahın göyləri və yeri haq­dan ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər.

20. Bu, Allah üçün çətin de­yildir.

21. Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəiflər tə­kəbbürlük göstərən­lərə deyəcək­lər: “Biz sizə tabe idik. İndi siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilərsinizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəltsəydi, biz də sizə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bizim üçün eynidir. Çünki bi­zim üçün qurtuluş yeri yox­dur”.

22. İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə gerçək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıxdım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən sizi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə çata bilərəm, nə də siz mənim kö­mə­yimə çata bilərsi­niz. Heç şübhəsiz ki, mən əv­vəllər də sizin məniAllaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır.

23. İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları Cənnət bağla­rına daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Salam!” olacaqdır.

24. Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sələn gözəl bir ağac kimidir.

25. O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.

26. Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­məyən pis bir ağaca bən­zəyir.

27. Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möhkəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tədiyini edər.

28. Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xalqını həlak yurduna sü­rüklə­yənləri görmürsənmi?

29. Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yerdir.

30. Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Odadır”.

31. İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara verdi­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər.

32. O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­dirib onunla sizin üçün növbənövməhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çayları sizə ram etdi;

33. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə tabe etdi; ge­cə­ni və gündüzü sizə ram etdi.

34. O sizə istədiyiniz hər şey­dən ver­mişdir. Əgər Alla­hın ne­mətlərini saya­caq olsa­nız, onları sayıb qurtara bil­məz­si­niz. Həqi­qətən, insan çox zalım, çox nan­­kordur.

35. Bir zaman İbrahim de­mişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq yurdu et. Məni və oğul­larımı bütlərə tapın­maqdan uzaq­laşdır.

36. Ey Rəbbim! Həqiqətən də, onlar çox adamı azdırıblar. Kim mənə tabe ol­­sa, o, mən­dəndir. Kim də mənə asi olsa, bilsin ki, Sən Bağışlayansan, Rəhm­lisən.

37. Ey Rəbbimiz! Mən nəs­limdən bə­zisini Sənin müha­fizə olunan Evinin  yaxınlı­ğında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! On­lar na­maz qılsın­lar deyə belə etdim. İn­sanların bir qisminin qəlbini on­lara meylli et və onlara növbənöv məh­sul­lar­dan ruzi ver ki, bəlkə şükür etsinlər.

38. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxart­dı­ğı­mızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

39. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.

40. Ey Rəbbim! Məni də, nəs­limdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!

41. Ey Rəbbimiz! Haqq-he­sab günü məni, valideynlərimi və mö­minləri ba­ğışla!”

42. Zalımların etdikləri əməl­lərdən Alla­hın xəbərsiz oldu­ğunu san­ma. Allah sadəcə onları cəza­landırmağıgöz­lərin bərələ qala­cağı günə saxlayır.

43. O gün onlar başlarını yu­xarı qal­dı­raraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və on­ların qəlbi də bomboş qala­caqdır (qor­xu­dan bütün başqa duyğu­lardan xali olacaqdır).

44. İnsanları onlara əzab gə­lə­cəyi günlə qorxut. O gün za­lımlar de­yə­cək­lər: “Ey Rəbbi­miz! Bizə yaxın bir vaxta qə­dər möhlət ver ki, sənin dəvə­tini qə­bul edək və elçilərin ar­xasınca gedək”. Onlara deyi­ləcəkdir:“Məgər əvvəllər siz dünyadan köçməyəcəyiniz ba­rədə and iç­mə­mişdiniz?!

45. Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. Onlara nələr et­diyimiz sizə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”.

46. Zalımlar öz hiylələrini qu­rurdu­lar. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tər­pənən de­yildir.

47. Allahın Öz elçilərinə ver­diyi vədə xilaf çıxacağını san­ma. Həqiqətən, Allah Qüd­rət­lidir, in­tiqam almağa qadirdir.

48. O gün yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olu­nacaq və insanlar Tək olan, hər şeyə Qalib gələn Allahın hü­zu­runda duracaqlar.

49. O gün günahkarları zən­cir­lənmiş görəcəksən.

50. Onların paltarları qatran­dan ola­caq, üzlərini də alov bürüyə­cək­dir.

51. Allah hər kəsə qazandı­ğı­nın əvə­zini vermək üçün belə edəcəkdir. Həqi­qə­tən, Allah tez haqq-hesab çəkəndir.

52. Bu Quran, insanlar üçün bir bildi­rişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.