18. əl-Kəhf surəsi

"Mağara" surəsi, 110 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!

2. Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.

3. Möminlər orada əbədi qalacaqlar.

4. Kitabı həm də: "Allah Özünə övlad götürmüşdür!"– deyənləri qorxutmaq üçün nazil etdi.

5. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar.

6. Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?

7. Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.

8. Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik.

9. Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən?

10. Bir zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!"– demişdilər.

11. Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).

12. Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq.

13. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq.

14. Onlar kafir hökmdarın qarşısında durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!"– deyərkən onların qəlbinə qüvvət verdik.

15. Cavanlardan biri o birilərinə dedi: "Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!

16. Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.

17. Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.

18. Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.

19. Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: "Burada nə qədər qaldınız?"– dedi. Bəziləri: "Bir gün yaxud günün bir hissəsi qədər qaldıq"– dedilər. Digərləri də dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!

20. Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!"

21. Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: "Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!"– dedilər. Mübahisədə üstün gələnlər isə: "Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!"– dedilər.

22. Bəziləri: "Onlar üçdür, dördüncüsü köpəkləridir!"– deyəcəklər. Digərləri isə "Onlar beşdir, altıncısı köpəkləridir!"– deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!"– deyəcəklər. De: "Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!" Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma!

23. Heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!"– demə!

24. Ancaq: "Əgər Allah istəsə!" ("inşallah"- de!) Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin"– de.

25. Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.

26. De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!"

27. Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

28. Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə!

29. De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!

30. İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik.

31. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!

32. Onlara iki kişinin əhvalatını misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.

33. Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq.

34. Onun başqa sərvəti də var idi. O öz mömin yoldaşı ilə söhbət edərkən ona: "Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!"– dedi.

35. O özünə zülm edərək bağına daxil olub dedi: "Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm.

36. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!"

37. Onunla söhbət edən yoldaşı isə dedi: "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış Rəbbini inkarmı edirsən?

38. Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!

39. Bağına girdiyin zaman: "Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!"– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa,

40. ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.

41. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!"

42. Beləcə, onun bağının məhsulu bir anda məhv edildi. O, bağını belə görüb ora qoyduğu xərcə görə peşmançılıq çəkməyə və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: "Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!"

43. Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi.

44. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur.

45. Onlara dünya həyatını misal çək. Bu dünya həyatı göydən göndərdiyimiz yağışa oxşar. Yerdəki bitkilər onunla qarışıb yetişər, sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir.

46. Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.

47. O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən. Biz hamını bir yerə toplayacaq, onlardan heç birini kənara buraxmayacağıq.

48. Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: "Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik".

49. Hər kəsin kitabı qarşısına qoyulacaq və sən günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!

50. Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!

51. Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən başqalarını yoldan çıxaranları Özümə köməkçi tutmuram.

52. O gün Allah müşriklərə: "İddia etdiyiniz şəriklərimi çağırın!"– deyəcək. Müşriklər onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz müşriklərlə bütlərin arasına həlak edici bir yarğan salarıq.

53. Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər.

54. Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir.

55. İnsanlara doğru yolu göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu.

56. Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.

57. Rəbbinin ayələri yadına Salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.

58. Rəbbin Bağışlayandır, mərhəmət sahibidir. Əgər Allah onları qazandıqları günahlara görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. Əzab gələcəyi vaxt onlar heç bir sığınacaq tapa bilməyəcəklər.

59. Budur haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.

60. Bir zaman Musa öz xidmətçisinə belə demişdi: "Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm".

61. Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.

62. Onlar dənizlərin qovuşduğu yerdən çıxıb getdikdə Musa öz xidmətçisinə: "Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük"– dedi.

63. Xidmətçi dedi: "Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir".

64. Musa: "Elə istədiyimiz də bu idi!"– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.

65. Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.

66. Musa ona dedi: "Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?"

67. Xızır dedi: "Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.

68. Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?"

69. Musa dedi: "İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam".

70. Xızır dedi: "Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma".

71. Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: "Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün".

72. Xızır dedi: "Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?"

73. Musa dedi: "Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!".

74. Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: "Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun".

75. Xızır dedi: "Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?"

76. Musa dedi: "Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın".

77. Yenə yola düzəldilər. Nəhayət, bir kənd əhlinin yanına gəlib camaatdan yeməyə bir şey istədilər. Camaat onları yeməyə qonaq etmək istəmədi. Onlar orada dağılmaq istəyən bir divar gördülər. Xızır onu düzəltdi. Musa dedi: "Əgər istəsəydin, bunun müqabilində zəhmət haqqı alardın".

78. Xızır dedi: "Bu, mənimlə sənin aranda ayrılıqdır. Səbir edə bilmədiyin şeylərin yozumunu sənə xəbər verəcəyəm.

79. Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi.

80. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq.

81. Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.

82. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini tapıb çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin şeylərin yozumu budur!"

83. Səndən Zülqərneyn barəsində soruşurlar. De: "Onun barəsində sizə bir əhvalat danışacağam".

84. Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik.

85. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı.

86. Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: "Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!"

87. O dedi: "Haqsızlıq edəni cəzalandıracağıq. Sonra o, Rəbbinə qaytarılacaqdır. O da ona ağır bir əzab verəcəkdir!

88. İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq".

89. Sonra o, yoluna davam etdi.

90. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.

91. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

92. Sonra o, yenə yoluna davam etdi.

93. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi.

94. Onlar dedilər: "Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?"

95. O dedi: "Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.

96. Mənə dəmir parçaları gətirin!" Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: "Körükləyin!"– dedi. Dəmir közərən kimi: "Gətirin mənə, onun üstünə ərimiş mis töküm!"– dedi.

97. Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.

98. Zülqərneyn dedi: "Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir".

99. O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.

100. O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik.

101. O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər.

102. Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq.

103. De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?

104. O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.

105. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik".

106. Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir.

107. İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır.

108. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər.

109. De: "Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin suyu qurtarardı".

110. De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!"