24. ən-Nur surəsi
"Nur" surəsi, 64 ayə,
Mədinədə nazil olub.
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız.
2. Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.
3. Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir.
4. İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.
5. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir.
6. Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması,
7. beşinci dəfə isə: "Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!"– deməsidir.
8. Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər.
9. Beşinci dəfə: "Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!"– deməlidir.
10. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər.
11. Şübhəsiz ki, Aişə barəsində yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir.
12. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"– demədilər?
13. Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar.
14. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı.
15. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır.
16. Nə üçün siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!"– demədiniz?
17. Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir.
18. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
19. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz.
20. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi.
21. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.
22. Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
23. Murdar əməldən xəbəri olmayan ismətli mömin qadınları zinada günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir –
24. o gün ki, dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
25. O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın Aydın Haqq olduğunu biləcəklər.
26. Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.
27. Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.
28. Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə oraya girməyin. Sizə: "Qayıdın!"– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir.
29. İstifadə edə biləcəyiniz və yaşayış üçün olmayan evlərə iznsiz daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.
30. Mömin kişilərə de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.
31. Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz müsəlman qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız.
32. Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah öz lütfü ilə onları varlı edər. Allah lütfü ilə Genişdir, Biləndir!
33. Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən özünün azad olmasına dair sizdən yazılı məktub istəyənlərə, – əgər onlarda bir xeyir görürsünüzsə – istədikləri məktubu yazıb verin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onları bağışlayar və rəhm edər.
34. Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.
35. Allah göylərin və yerin nurudur. Onun möminlərin qəlbində olan nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O çıraq təkcə şərqə və ya təkcə qərbə aid edilməyən daim günəş şüaları altında qalan mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. Bu, nur üstündə nurdur. Allah istədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.
36. Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izin verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər.
37. O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.
38. Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.
39. Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.
40. Yaxud onların əməlləri əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də başqa bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! İnsan əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz.
41. Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir.
42. Göylərin və yerin mülkü Allaha məxsusdur. Dönüş də Allahadır.
43. Məgər görmürsənmi ki, Allah buludları qovur, sonra onları bir-birinə qovuşdurur, sonra da onları bulud topasına çevirir. Sən onun arasından yağmur çıxdığını görürsən. Allah göydən, oradakı dağlar kimi buludlardan dolu yağdırır. Sonra da onunla istədiyini vurur, istədiyindən də onu uzaq edir. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
44. Allah gecə və gündüzü bir-birilə əvəz edir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
45. Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
46. Biz açıq-aydın ayələr nazil etdik. Allah istədiyini doğru yola yönəldir.
47. Münafiqlər: "Allaha və Peyğəmbərə iman gətirdik, itaət etdik!"– deyirlər. Bundan sonra isə onlardan bir dəstə üz çevirir. Onlar mömin deyillər.
48. Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir.
49. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər.
50. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun Elçisinin onlara haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, məhz onlar zalımdırlar.
51. Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"– demələridir. Nicat tapanlar da məhz onlardır.
52. Allaha və Onun Elçisinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz onlar uğur qazananlardır.
53. Münafiqlər Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq döyüşə çıxacaqlar. De: "And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır".
54. De: "Allaha və Peyğəmbərə itaət edin". Əgər üz çevirsəniz, bilin ki, o ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğat aparmaqdır.
55. Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir.
56. Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin.
57. Kafirlərin yer üzündə Allahdan yaxa qurtara biləcəklərini zənn etmə. Onların sığınacaqları yer oddur. Ora nə pis dönüş yeridir!
58. Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayanlar yanınıza girmək istədikdə qoy üç vaxtda sizdən izin istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və gecə namazından sonra. Bu sizin çılpaq ola biləcəyiniz üç vaxtdır. Qalan vaxtlarda bir-birinizin yanına icazəsiz girməkdə nə sizə, nə də onlara heç bir günah gəlməz. Allah ayələri sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
59. Sizin uşaqlar da həddi-buluğa çatanda qoy özlərindən əvvəlkilər yanınıza girmək üçün izin istədikləri kimi izin istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir.
60. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara ayıb yerlərini göstərmədən hicablarını soyunmasında günah yoxdur. Lakin bunu etməmək onlar üçün daha xeyirlidir. Allah Eşidəndir, Biləndir.
61. Kora günah gəlməz, çolağa günah gəlməz, bir də xəstəyə günah gəlməz. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yemək yeməyinizdə də sizə heç bir günah gəlməz. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz.
62. Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
63. Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar.
64. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir.