27. ən-Nəml surəsi

"Qarışqalar" surəsi, 93 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.

2. Möminlərə doğru yolu göstəricisi və müjdədir.

3. O kəslərin ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.

4. Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər.

5. Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.

6. Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan.

7. Bir zaman Musa öz ailəsinə: "Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız"– demişdi.

8. Musa oraya gəlib çatanda ona nida gəldi: "Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

9. Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!

10. Əsanı yerə at!" Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: "Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.

11. Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!

12. Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!"

13. Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: "Bu, açıq-aydın bir sehrdir!"– dedilər.

14. Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!

15. Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: "Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!"

16. Süleyman Davuda peyğəmbərlikdə varis oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədildi və bizə hər şeydən verildi. Həqiqətən, bu, bizə göstərilən açıq-aşkar üstünlükdür".

17. Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar müntəzəm şəkildə yerbəyer edildilər.

18. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər".

19. Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni Öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!"

20. Süleyman quşları nəzərdən keçirib dedi: "Hüdhüdü nə üçün görmürəm? Yoxsa o burada yoxdur?

21. O, ya mənə aşkar bir dəlil gətirməlidir, ya da mən ona şiddətli bir əzab verməliyəm və yaxud da tutub boğazını üzməliyəm".

22. Çox keçmədən hüdhüd gəlib dedi: "Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

23. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.

24. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.

25. Şeytan ona görə belə etmişdir ki, göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da Bilən Allaha səcdə etməsinlər.

26. Böyük Ərşin Rəbbi olan Allahdan başqa ibadətə layiq olan məbud yoxdur".

27. Süleyman dedi: "Baxaq görək, sən doğru deyirsən, yoxsa yalançılardansan.

28. Mənim bu məktubumu apar onların yanına at. Sonra bir qədər uzaqda dur və bax gör nə cavab verəcəklər!"

29. Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı.

30. O məktub Süleymandandır və onda deyilir: "Mərhəmətli və Rəhmli Allahın adı ilə!

31. Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti olaraq gəlin!"»

32. Qadın dedi: "Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm".

33. Onlar dedilər: "Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!"

34. Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər.

35. Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar.

36. Elçilər Süleymanın yanına gəldikdə o dedi: "Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.

37. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq!"

38. Süleyman dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?"

39. Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!"

40. Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm!" Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: "Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!"

41. Süleyman dedi: "Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq və ya tanımayanlardan olacaq?"

42. Qadın gəldikdə ona: "Taxtın bu cürdürmü?"– deyildi. O dedi: "Deyəsən odur!" Süleyman dedi: "Bizə ondan əvvəl elm verilmiş və biz müsəlman olmuşuq!"

43. Allahdan başqa tapındığı şeylər o qadını tövhiddən yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi.

44. Qadına: "Saraya daxil ol!"– deyildi. O, sarayı gördükdə onu dərin bir gölməçə hesab etdi və baldırlarını açdı. Süleyman dedi: "Bu, büllurdan hamarlanıb düzəldilmiş bir saraydır!" Qadın dedi: "Ey Rəbbim! Mən özümə zülm etmişdim. İndi isə Süleymana tabe olub aləmlərin Rəbbi olan Allaha təslim oldum!"

45. Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi elçi göndərdik. Onlar isə bir-biri ilə mübarizə aparan iki firqəyə bölündülər.

46. O dedi: "Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna".

47. Onlar dedilər: "Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq". Saleh dedi: "Sizin uğursuzluğunuz Allah yanındadır. Siz sınağa çəkilən bir qövmsünüz".

48. Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.

49. Onlar dedilər: "Bir-birinizin yanında Allaha and için ki, gecə ona və ailəsinə basqın edib öldürəcək, sonra da onun yaxın qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyünü görməmişik və biz, həqiqətən, düzünü deyirik".

50. Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər.

51. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfalarıyla birlikdə yerlə-yeksan etdik.

52. Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır.

53. İman gətirib Allahdan qorxanları isə xilas etdik.

54. Lutu da yada sal. Bir zaman o öz qövmünə demişdi: "Gözünüz görə-görə murdar işmi görəcəksiniz?

55. Siz qadınları qoyub şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Yox, siz cahil bir qövmsünüz!"

56. Qövmünün cavabı isə ancaq: "Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!"– demələri oldu.

57. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadını geridə qalanlardan olmasına qərar verdik.

58. Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

59. De: "Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız?

60. Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır.

61. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər.

62. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?

63. Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır.

64. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin".

65. De: "Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.

66. Həm də onların elmi axirəti qavrayıb dərk edə bilməz. Üstəlik də onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kor kimi baxarlar".

67. Kafirlər dedilər: "Məgər biz və atalarımız torpağa qarışdıqdan sonra qəbirlərdən çıxardılacağıq?

68. Bu dirilmə həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin uydurduğu əfsanələrindən başqa bir şey deyildir".

69. De: "Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur".

70. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma.

71. Onlar: "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?"– deyirlər.

72. De: "Ola bilsin ki, tələsik istədiyiniz şeyin bir qismi, artıq sizə yaxınlaşmışdır".

73. Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların əksəriyyəti naşükürdürlər.

74. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərinin gizli saxladıqlarını və onların aşkar etdiklərini bilir.

75. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-məhfuzda) olmasın.

76. Həqiqətən, bu Quran İsrail oğullarına ixtilafda olduqları şeylərin çoxunu anlatmaqdadır.

77. Həqiqətən, o, möminlərə doğru yolu göstəricisi və bir mərhəmətdir.

78. Şübhəsiz ki, sənin Rəbbin onların arasında Öz hökmünü verəcəkdir. O, Qüdrətlidir, Biləndir!

79. Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.

80. Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dönüb gedən karlara çağırışı çatdıra bilərsən.

81. Sən korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən haqqı yalnız müsəlman ikən ayələrimizə inananlara eşitdirə bilərsən.

82. O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər.

83. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onlar bir yerdə məhşərə sürüklənərlər.

84. Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər: "Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?"

85. Zülm etdiklərinə görə o söz onları haqlayacaq və onlar danışa bilməyəcəklər.

86. Məgər onlar görmürlərmi ki, Biz gecəni onların həmin vaxt istirahət etməsi üçün yaratmış, gündüzü isə işıqlı etmişik? Şübhəsiz ki, bunda iman gətirən adamlar üçün dəlillər vardır.

87. Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir.

88. Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

89. Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar.

90. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər: "Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?"

91. De: "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum

92. və Quran oxuyum!" Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. Haqq yoldan azana isə belə de: "Mən ancaq xəbərdar edənlərdənəm!"

93. De: "Həmd olsun Allaha! O Öz dəlillərini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin sizin etdiyiniz əməllərdən xəbərsiz deyildir!"