Travma səbəbilə sifət quruluşum dəyişdiyi üçün kompleks keçirirəm...
Və aleykum Salam. Siz Uca Allahın təqdiri ilə razılaşaraq bu vəziyyətinizə səbr etsəniz, Uca Allaha üsyan etməsəniz və "niyə belədir" deməsəniz, Uca Allahın iznilə böyük savab qazanmış olarsınız. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah qulunu onun xoşlamadığı bir şeylə imtahan edərsə, o, bəladan yaxa qurtarmaq üçün Allahdan qeyrisindən yardım diləmədiyi müddətdə həmin bəlanı onun üçün günahlardan təmizlik və kəffarə edər". (İbn Əbu əd-Dunyə "əl-Mərad va-l-Kəffərat", 43).
"Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər". (Sunən Tirmizi, 2402).
Xəstəliyə qarşı səbirli olmaq, Uca Allahdan bu xəstəliyin əvəzində savab ummaq və sağalmaq üçün çoxlu dua etmək lazımdır. Həmçinin, sizdən pis halda olanları düşünmək lazımdır ki, siz o halda deyilsiniz və buna görə Allaha şükürlər etmək lazımdır. Ümumiyyətlə belə şeylərə mümkün qədər fikir verməyin. Qəlbləri Allahı yad etməyən o qədər xarici görünüşü gözəl insanlar var. Əsas məsələ qəlbin salamat olmasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "...Ərəbin ərəb olmayandan, ərəb olmayanın da ərəbdən, ağın qaradan, qaranın da ağdan üstünlüyü yalnız təqva (Allah qorxusu) ilədir". (İmam Əhməd, 5/ 411). Digər hədisdə buyurur: "Allah sizin surətinizə və mallarınıza baxmaz. Lakin O, sizin qəlblərinizə və əməllərinizə baxar". (Səhih Muslim, 2064). Daha ətraflı: Səbr edənləri müjdələ!