Cümə namazından qabaq dörd rükət namaz qılmağa dəlil nədir?

    25.10.2016
Kimdən: 
Abdulrahman
Sual: 
Salam aleykum.cümə namazından əvvəl sünnənin olmamasına dəli nədir? Və özünə hənəfi deyən sufilər cümədən əvvəl 4 rükət sünnə qılmağları bidətdirmi?
Cavab: 

Və aleykum Salam. Salman əl-Farisi (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəm­bər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər kim Cümə günü qüsl edib bacardığı qədər təmizlənər, (saç­larını) yağlayar və ya evində olan ətir­lə ətirlənər, sonra (Cümə nama­zına) gedər və iki nəfərin arasına girib oturmaz, üstündən keç­mə­dən (bir tərəfə çəkilib Allahın) ona yazdığı qədər namaz qılar və bundan sonra imam xütbə verərkən susub dinləyərsə, həmin Cümə ilə ötən Cümə arasında olan (kiçik günahları) bağışlanar". (əl-Buxari, 883). Bu hədisə əsasən Cümə namazının azanından qabaq istənilən qədər namaz qılmaq olar. Lakin bu, məzhəbçilərin Cümə azanı veriləndən sonra  dörd rükət namaz qılmasına dəlil deyil, çünki, Cümə namazına daha tez gələnlər olur və onlar da azan verilməzdən əvvəl əlavə namaz qıla bilərlər. Bəzi məzhəblər Cümə azanından sonra qıldıqları dörd rükət namazla adi günlərdə Zöhr namazından qabaq qılınan dörd rükət sünnə namazlarını qəsd edirlər. Amma cümə namazından qabaq Zöhr namazının dörd rükət sünnəsini qılmağa aid bir dəlil yoxdur. Ummu Həbibə (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Kim gündə on iki rükət namaz qılarsa, Cənnətdə onun üçün bir ev tikilər; dörd rükət Zöhrdən əvvəl, iki rükət Zöhrdən sonra, iki rükət Məğribdən sonra, iki rükət İşadan sonra və iki rükət də Sübh nama­zından əvvəl". (ət-Tirmizi, 415). Bu hədis adi günlərdə Zöhrdən qabaq qılınan dörd rükət sünnə namazlarının qılınmasına dəlildir. Həmçinin, müəyyən üzrlü səbəblərə görə Cümə namazına gedə bilməyən adamlar da Zöhr namazını və onun sünnələrini qılırlar. Ona örə də Cümə azanından sonra Zöhr namazının sünnələrini qəsd edərək dörd rükət namaz qılmaq bidətdir.

Teqlər: 
Paylaş: